Məlum olduğu kimi, ölkə ərazisində ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat, terror aktı və digər cinayətkar əməllərin törədilməsinə cəhdlərin qarşısının alınması, habelə bu tip əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla bəzi internet resurslarında terrorçuluğa açıq çağırışların edilməsi ilə bağlı ayrı-ayrı faktlar təhlil edilib.
Araşdırmalarla Ermənistan Respublikasının vətəndaşı, işğalçı ölkənin “Demokratiya naminə tərəfdaşlıq” Mərkəzinin sədri, habelə “Erməni dinləri” veb-saytının redaktoru Stepan Daniyelyan və erməni tarixçi, publisist, Ermənistan Milli Elmlər Akademiyası nəzdindəki “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru, İrəvan Dövlət Universitetinin müəllimi, “Prospekt" Regional və Siyasi Araşdırmalar Mərkəzinin idarə heyətinin üzvü Ayk Demoyanın özlərinə məxsus sosial şəbəkə və digər internet səhifələrində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərərin vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və bu kimi ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar törətmək və belə hərəkətlərin törədiləcəyi hədəsi ilə müşayiət olunan terrorçuluğa açıq çağırışlar etmələri, o cümlədən, eyni məzmunlu materialları yaymaları müəyyən edilib.
Qeyd edək ki, faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.2, 214-2 (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Maraqlıdır, ermənələrə bu tip cinayət işlərinin açılmasının nə kimi perspektivləri var? Onları cinayət məsuliyyətinə cəlb edə biləcəyikmi?
“Azərbaycan əleyhinə terror çağırışı edən Ermənistanın rəsmi nümayəndəlikləri beynəlxalq səviyyədə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”
Hərbi ekspert Rasim İsgəndərov bildirdi ki, Ermənistanın terror əməllərinə son qoyulmalıdır: “Təbliğatımızı xarici dillərdə aparmaq çox vacibdir. Sosial şəbəkələrdə erməni yalanlarının ifşası istiqamətində işimizi gücləndirməliyik. Məlumdur ki, dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistan Gəncə, Bərdə, Tərtərə xaincəsinə ballistik raketlərlə hücum edərək günahsız insanları qətlə yetirib. Bu qanlı terror aktı bir daha beynəlxalq qanunvericiliyin, 1949-cu il Cenevrə Konvensiyasının və onların əlavə protokollarının tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın dinc mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə laqeyd qalmamalı, faşist xislətli bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Azərbaycan əleyhinə terror çağırışı edən Ermənistanın rəsmi nümayəndəlikləri beynəlxalq səviyyədə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.
Həmsöhbətimiz hesab edir ki, beynəlxalq ictimaiyyət bu dəfə də işğalçı dövlətin xalqımıza qarşı törətdiyi qanlı terror aktlarını susqunluqla qarşılasa, Azərbaycan dövlətinin özü Ermənistanın hərbi-siyasi rəhbərliyini törətdiyi hərbi cinayətlərə görə cəzalandıracaq: “Bu cəza isə daha amansız, terrorçu dövlətin dinc vətəndaşlarımıza qarşı törətdiyi ağır cinayətlərə adekvat olacaq. Buna heç kimin, o cümlədən, Ermənistanın havadarlarının da şübhəsi olmasın”.
Günel CƏLİLOVA