Nikol Paşinyanı Ermənistanda hakimiyyətə gətirən Qərb dairələri belə rəy yaratmaq istəyirdilər ki, guya bununla düşmən ölkədə “demokratiya ab-havası” yaratmağa xidmət erdiblər (?). Əksinə, Paşinyan hakimiyyətə gəldikdən sonra bu ölkədə xaos, böhran daha da dərinləşdi.
Məlumdur ki, Qərb dairələrinin 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb, ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib.
Siyasi şərhçilərin fikrincə, Paşinyan Ermənistanda “demokratiya” yox, sözün həqiqi mənasında, diktatura rejimi qurub. Nikolun qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da itirdiyini deyən ekspertlər hesab edirlər ki, o, artıq dünyanın gözü qarşısında onu Ermənistanı fəlakətə yuvarlamaqda ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər göstərir və təhdidlər edir.
Ekspertlər deyirlər ki, bu gün Ermənistanda baş verənlərin 1 faizi Azərbaycanda baş versəydi, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquqları təşkilatı tapılmayacaqdı, hamısı dərhal ayağa qalxıb ard-arda bəyanatlar verəcəkdilər ki, ay aman, “Azərbaycanda insan haqları pozulur” və sair. Amma həmin beynəlxalq təşkilatlar neofaşizm yuvasına çevrilən və diktatura rejiminin hökm sürdüyü, insan haqlarının zorakılıqla pozulduğu Ermənistana “gözün üstə qaşın var” demir.
“…neofaşizmə qulluq edir və ölkəsində faşist üsul-idarəsi qurub”
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, tanınmış politoloq Rasim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Qərb dünyasının Paşinyan diktaturasına göz yummasının əsas səbəbi Paşinyanın onların “öz əsəri” olmasıdır. “Qərb dairələri, beynəlxalq təşkilatlar həmişə ikili standartlarla fəaliyyət göstərdiklərini dəfələrlə ortaya qoyublar. Qərb dairələri bu ikili standartı Azərbaycan və başqa ölkələrə qarşı göstərirlər. Bu dairələr kimi hakimiyyətə gətirirlərsə, kim onların tapşırığını, göstərişini yerinə yetirirsə, onu “demokrat”, kimlər də Qərb dairələrini dəstəkləmirlər, onları isə “antidemokrat” sayırlar. Həmin Qərb dairələri özləri üçün belə bir qeyri-normal “nəzəriyyə” icad ediblər. Ermənistanda baş verən hakimiyyət çevrilişi Qərb dairələrinin “dirijor çubuğu” ilə baş verib. 2018-ci ildə onlar inqilab yolu ilə Paşinyanı hakimiyyətə gətirəndə xalq yolu bağlamışdı və onlar məcbur etdilər ki, Serj Sarkisyan istefa versin. Paşinyan dövlət çevirilişi yolu ilə Qərb dairələrinin dəstəyilə “Sorosun uşağı” kimi hakimiyyətə gəldi. Bu gün artıq Paşinyan Sarkisyanın öz xalqına etmədiyi təzyiqləri edir, insanlar təqib olunur, onları xəfiyyə idarələrinə aparıb başlarına min cür oyun açırlar. Bu insanlar isə yalnız Paşinyanı tənqid və onun istefasını tələb etdikləri üçün təqib və təzyiqlə üzləşiblər. Burada başqa bir məsələ yoxdur. Paşinyanı tənqid edən, əleyhinə çıxan bütün siyasi partiyaların nümayəndələri, rəhbərləri Paşinyan hökumətinin inzibati qurumları tərəfindən təqib edilir, həbs olunur, işgəncələrə məruz qalırlar. Amma baş verənlərə Paşinyandan “demokrat” düzəldən Qərb dairələri isə səslərini belə çıxarmırlar. Dünənə qədər həmin Qərbin “demokratik qələbəsini çalıb” hakimiyyətə gələn Paşinyanda və onun qurduğu rejimdə “demokratiya”nın bir işartısı belə yoxdur. Diktatura rejimi quran Paşinyan özündən əvvəlki iqtidarları “antidemokratlıq”da ittiham etsə də, onlardan daha artıq erməni xalqına qarşı siyasi təzyiqlər göstərir. Qərbin “demokratiya” donu geydirib dünyaya “demokrat” kimi göstərdiyi Paşinyan, əslində, neofaşizmə qulluq edir və ölkəsində faşist üsul-idarəsi qurub.
Bu, Qərbin ikili və riyakar demokratiya oyunudur. Qərbdə demokratiya olsaydı, belə olmazdı. Demokratiyanın bir nömrəli beşiyi ABŞ sayılırsa, ABŞ-ın birinci rəsmi şəxsi Donald Tramp dedi ki, seçkidə mənim səsimi oğurlayıblar, səsləri sayanda saxtakarlıq ediblər. Bu, elə demokratiyaya verilən qiymətdir”.
R.Quliyevin sözlərinə görə, rəhbərlik etdiyi mərkəz tərəfindən müharibənin sonunda Ermənistanda hakimiyyət və siyasi böhranın yaranacağını proqnozlaşdırıb. Bu gün artıq Ermənistanda hər iki böhranın yaşandığını deyən R.Quliyevin bildirdiyinə görə, orada vəziyyət o qədər kritikdir ki, Paşinyan hökuməti idarəetməni birmənalı olaraq itirib. Paşinyanın bu gün inzibati metodlarla öz siyasi rəqiblərini susdurduğunu deyən R.Quliyev bildirdi ki, o bununla da öz siyasi uğursuzluğunu ört-basdır edib, hakimiyyətini sürdürmək niyyəti güdür.
İradə SARIYEVA