“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar. Bu barədə DİN-in yaydığı məlumatda qeyd olunur.
Məsələnin əhəmiyyəti haqqında danışan “Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, torpaqların azad olunması istiqamətində ordumuzun göstərdiyi şücaət dünyaya bəllidir. Erməni əsarətindən azad edilmiş ərazilərdə komendantların təyin olunması sevindiricidir: “Sevindirici haldır ki, torpaqlar geri alındı. Geri alınmış torpaqlarda komendantların təyin olunması Azərbaycanın uğurudur. Məlumdur ki, Qubadlı Rayon Polis İdarəsi Sumqayıtda yerləşirdi. Ancaq indi azad edilmiş rayonlarda polis şöbələri fəaliyyət göstərəcək. İşğaldan azad olunmuş rayonlarda qadağan saatının tətbiq olunması vacibdir. Təxribat xarakterli halların qarşısının alınması üçün cəbhə bölgələrində də komendant saatının tətbiqi qaçılmazdır. Qadağan saatının tətbiq olunmasının əhəmiyyəti ondan ibarətdir ki, orda yaşayacaq insanların asayişi tam şəkildə təmin olunsun. Polislər yorulmadan, qürur hissilə cəbhəyanı bölgələrdə xidməti vəzifələrini icra edəcəklər”.
Həmsöhbətimiz hesab edir ki, işğaldan azad olunan ərazilərdə komendant saatının tətbiq və komendantların təyin olunmasının əhəmiyyəti qısa müddət ərzində hiss olunacaq”.
Birlik sədri sonda belə bir təşəbbüs irəli sürdü ki, azad edilmiş rayonlarda fəaliyyətinə icazə verilmiş qurum və müəssisələrdə ilk iş günündə Azərbaycan Himni səsləndirilməlidir.
Günel CƏLİLOVA