Şanlı Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də işğalçı erməni dığalarına qarşı başladığı əks-hücum əməliyyatı tarixi qələbə ilə başa çatdı. 44 gün çəkən bu zəfərimiz Astara rayonunda bir ayrı ovqat yaradıb.
Hər yanda əbədi solmaz bahar ətri duyulur. İndi kiçikdən böyüyə hər kəsdə xoş əhval-ruhiyyə vardır. Əllərdə üçrəngli bayraq şəhər mərkəzində sevinc-sevincə qarışıb. Zəfərimizin təntənəsindən milyonların qəlb dünyasına sevdalanan “Qarabağ Azərbaycandır!”, “Azərbaycan Ordusuna eşq olsun!”, “Qələbə bizimdir!”, “ Yaşasın Azərbaycan!”, “ Yaşasın Ali Baş Komandan!”, “Ən güclü əsgər bizim əsgərdir”, “ Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar dillərdən düşmür. Qələbə sevinci ilə ürəyi aşıb-daşan bir-neçə rayon sakininə yanaşıram.
Firəngiz Sadıqova: - Bu zəfər Azərbaycan oğullarının qeyrətindən, şəhidlərin qanından yarandı. Vətən azərbaycanlı üçün namusdur, qeyrətdir. Biz vətənsiz qalmayaq deyə, göz qirpmadan minlərlə qəhrəman oğullarımız könüllü olaraq cəbhəyə atıldı. Bütün dünya bildi ki, Azərbaycan əsgəri nəyə qadirdir. Bu gün bizim fəxarətlə qalibik deməyə haqqımız var.
Rəşad Həsənov: - Bütün Astara sevinc içindədir. Cənab Prezidentin qələbə müjdəsindən sonra sevgi dolu ürəklə bayramlaşırıq. Böyük bayramdır. Müqəddəs Vətən savaşında Astaranın, bütün Azərbaycanın igid oğullarının şücaətini dünya eşitdi. Mən belə vətəndaş yetişdirən, tərbiyə edən analara və müəllimlərə minnətdarlığımı bildirmək istəyirəm. Biz övladlarımızı mənfur düşmənimiz kimi nifrətlə, qəzəblə böyütmədik, onlara həqiqəti öyrətdik, oğullarımız əsl kişi kimi yetişdilər.
Yeganə Əliyeva: - Günlərlə yaşadığımız gərginlik, həyəcan artıq sevinclə əvəzlənib. Bu sevinc illərin nisgilini yuyub aparan sevincdir. Mən şəhidlərin ruhu qarşısında baş əyirəm, Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü