Azərbaycançılıq dövlətimizin vahid ideologiyasıdır. Bu ideologiya özündə yalnız Azərbaycan vətəndaşlarını deyil, dünyada yaşayan bütün azərbaycanlıları bir bayraq altında birləşdirir. Biz bütün vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik örnəyini çox güclü şəkildə 44 günlük Vətən müharibəsi dövründə daha qabarıq formada müşahidə etdik.
Bütün dünya Azərbaycan dövlətinin, Azərbaycan xalqının və dünyada yaşayan azərbaycanlıların gücünü, əzəmətini bir daha gördü. Xalq olaraq Azərbaycan dövləti ilə böyük həmrəylik nümayiş etdirdik. Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələri 44 günlük Vətən müharibəsində birlik nümayiş etdirdi və düşmənə qarşı mübarizədə ortaya iradə qoydular.
Ali Baş Komandanımız İlham Əliyev haqlı olaraq qeyd edir ki, 44 günlük Vətən müharibəsinin qəhrəmanı Azərbaycan əsgəridir.
Qələbə dastanı yazan Vətən övladları - azərbaycançılığın təntənəsi...
Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qovulub çıxarılmasında Azərbaycan əsgəri, zabiti böyük şücaət göstərdi. Müzəffər Azərbaycan Ordusunun tərkibində ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri təmsil olunurlar. Sıravi əsgərindən tutmuş, yüksək rütbəli zabitlərimizə qədər hər kəs bir nəfər kimi düşmənlə mübarizədə fədakarlıq göstərib və mücadilə verib. Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaət, zəngin döyüş qabiliyyəti nümayiş etdirməsi nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qələbəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda yaşayan hər bir xalqın, dinin təmsilçisi Vətən uğrunda, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsi istiqamətində canlarından keçməyə hazırdır, onlar arasında şəhidlik mərtəbəsinə ucalanlar da, qazi kimi tarixdə qalanlar da oldu. Şəhidlər də, qazilər də tariximizdə əbədi yaşayacaqlar. Qələbə dastanı yazan Vətən övladları hər birimiz üçün örnəkdir.
Azərbaycançılıq ideologiyasının qələbəsi...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov hesab edir ki, Vətən müharibəsində heç bir Azərbaycan vətəndaşı düşmənə qarşı mübarizədən çəkinmədi, türk də, ləzgi də, talış da, saxur da, rus da, avar da, tat da, ingiloy da, gürcü də, udi də, qırız da, yəhudi də, xınalıqlı da, tatar da, kürd də, başqa xalqların nümayəndələri də Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsində birlik nümayiş etdirdilər, bu birlik nəticəsində də düşmənə qarşı birgə mübarizə aparıldı, nəticədə isə qalib olduq. Bunun Azərbaycan xalqının azərbaycançılıq və dövlətçilik ideologiyasına bağlılığının bir nümunəsi, göstəricisi olduğunu deyən V.Abışovun sözlərinə görə, bu birlik düşmənə sarsıdıcı zərbə vurdu. Düşmən üzərində qələbəni azərbaycançılıq ideologiyasının, Azərbaycan dövlətçiliyinin qələbəsi kimi dəyərləndirən alim hesab edir ki, bu amil də bütün dünyaya dövlətimizin gücünü, iradəsini bir daha təqdim etdi.
Vətən müharibəsinin Azərbaycan xalqının birliyini bir daha ortaya qoyduğunu deyən V.Abışovun qeyd etdiyinə görə, Birinci Qarabağ savaşında da xalqımız eyni birliyi, eyni həmrəyliyi nümayiş etdirib. “Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların, eləcə də dünya azərbaycanlılarının Vətənidir. Nəinki Azərbaycan türkləri, eləcə də Azərbaycanda tarixən yaşayan digər xalqların, etnik qrupların, dinlərin nümayəndələri 30 ilə yaxın idi ki, təcavüzkar Ermənistanın işğalçı silahlı birləşmələrinin tapdağı altında olan əzəli torpaqlarımızın düşmən işğalından azad ediləcəyi günü səbrsizliklə gözləyirdilər. Hər birimizə məlumdur ki, ölkəmizdə yaşayan türk də, ləzgi də, talış da, saxur da, rus da, avar da, tat da, ingiloy da, gürcü də, udi də, qırız da, yəhudi də, xınalıqlı da, tatar da, kürd də, başqa xalqların nümayəndələri də torpaqlarımızın işğaldan azad edilməsi üçün silaha sarılmaq istədiklərini bəyan edirdilər və hər bir vətəndaşımız Ali Baş Komandanın əmrini gözləyirdi. İyulun 12-də Ermənistanın cəbhənin Tovuz istiqamətində növbəti təxribatı bütün vətəndaşlarımızı, həmçinin də dünya azərbaycanlılarını ayağa qaldırdı, hər bir vətəndaşımız düşmənlə mübarizəyə hazır olduğunu ortaya qoydu. Doğrudur, həmin dövrdə bəzi kanallar, sosial şəbəkələr vasitəsilə Azərbaycanı istəməyən müəyyən təxribatçı qüvvələr də ortaya çıxdı, xaricdən müxtəlif separatçı təşkilatların, institutların təxribatçı, bölücülük yayan hərəkətlərinin, təbliğatlarının şahidi olduq. Guya ki, Azərbaycanda yaşayan talışlar, ləzgilər, eləcə də başqa xalqların nümayəndələri Ermənistana qarşı “vuruşmaq istəmir”. Hətta bəzi təxribatçı qruplar, xarci qüvvələr tərəfindən idarə edilən bir neçə nəfər ölkəmizdə yaşayan qeyri-türklərə çağırış etdilər ki, döyüşməyin. Əlbəttə, bu təxribatçı plan baş tutmadı və dövlətimizdə bölücülük yaratmaq istəyənlərin qara niyyətləri onların ürəklərində qaldı. Bütöv Azərbaycan Azərbaycan dövlətçiliyi ətrafında birləşərək düşmən təxribatını iflasa uğratdı”.
“Bu, azərbaycançılığın bir ideologiya kimi həmrəylik, birlik ideologiyası olduğunu bir daha sübut etdi”
V.Abışov qeyd etdi ki, 27 sentyabrda Ermənistanın təcavüzkar silahlı birləşmələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması nəticəsində mülki əhali və hərbçilərimiz arasında həyatını itirənlər və ağır yaralananlar oldu. 27 sentyabr tarixində Azərbaycan Ordusu düşmənə qarşı əks-hücum və antiterror əməliyyatı həyata keçirdi və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan dövləti, bütöv Azərbaycan xalqı, Azərbaycan Ordusu qalib çıxdı, qələbə qazandı. Ermənistanın Azərbaycan torpaqlarında bir dövlət kimi yarandığı gündən Azərbaycan xalqına qarşı terror aktları törətdiyini deyən V.Abışov bildirdi ki, bu terror bizə qarşı yüz ildən artıqdır davam edib. “Təcavüzkar Ermənistan torpaqlarımızı işğal etməklə və xalqımıza qarşı terror cinayətləri törətməklə faşizm siyasəti yürütdüyünü bir daha ortaya qoydu. Cənab Prezident özü də sentyabrın 27-də xalqa müraciətində bildirdi ki, bu, erməni faşizminin növbəti təzahürüdür.
44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri könüllü şəkildə iştirak etdilər. Müharibənin ilk günündən başlayaraq 44 günlük savaş başa çatana qədər minlərlə könüllü çağırış məntəqələrinin önünə gəlib müharibəyə gedib düşmənin kökünü bu torpaqdan kəsmək istədiyini ortaya qoydu və onların xeyli bir hissəsi orduya getdi. Orduya könüllü gedənlərin sırasında da kifayət qədər qeyri-türklər var idi. Qürurverici hallardan biri odur ki, biz dövlət, xalq olaraq birlik göstərib eməni faşizminə qarşı yumruq kimi birləşdik və mübarizə apardıq. Həm ön cəbhədə, həm də arxa cəbhədə sona qədər həmrəyliyimizi davam etdirdik. Bizim həmrəyliyimiz nəticəsində tarixi Şuşa şəhərimiz, eyni zamanda da digər rayonlarımız işğaldan azad edildi. İndi müqəddəs Şuşamızda, digər işğaldan azad edilən şəhər, rayon, qəsəbə və kəndlərimizdə, yüksəkliklərimizdə Azərbaycanın üçrəngli bayrağı vüqarla dalğalanır. Bu, azərbaycançılığın bir ideologiya kimi həmrəylik, birlik ideologiyası olduğunu bir daha sübut etdi”.
“Bu, azərbaycançılıq ideologiyasının tam olaraq milliyyətindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlarımızın şüuruna, mənəvi dünyasına hopduğunun bariz örnəyidir”
Bu gün Azərbaycan Ordusunun qazandığı qələbənin ölkəmizdə yaşayan bütün xalqlar, o cümlədən də dünya azərbaycanlıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını, qeyd edildiyini vurğulayan alim bildirdi ki, biz birlikdə ideoloji cəhətdən də, milli-mənəvi-ruhi üstünlük baxımından da dünya üçün örnək davranışlar sərgilədik. Alimin sözlərinə görə, bu üstünlüyümüz bizim vahid xalq olmağı bacardığımızdan irəli gəlir. “Ali Baş Komandanın hər bir çıxışı, hər bir müraciəti, hər bir müsahibəsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Hər bir ərazimizin, kəndimizin, rayon və şəhərimizin, yüksəkliklərimizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşitməyimiz bizi bir xalq olaraq daha da gücləndirirdi, daha da birləşdirirdi. Ali Baş Komandanın hər bir çıxışı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi, yüksək mənəvi-ruhi yüksəliş yaradıb. Xalqımız bu keyfiyyətləri ilə düşməndən qat-qat üstün olduğunu da göstərdi. Baxmayaraq ki, düşmən cəbhədə düçar olduğu məğlubiyyətin heyfini xalqımızdan, dinc, mülki əhalimizdən çıxdı, şəhərlərimizi, kəndlərimizi ağır artilleriya silahlarından, ballistik raketlərlə atəşə tutdu, uşaqlarımız da daxil olmaqla 100-ə yaxın sivil insan həyatını itirdi, 400-dən artıq insan ağır yaralandı, nə qədər mülki obyektimiz dağıldı, amma xalqımız ruhdan düşmədi. Yaxşı yadımdadır, Ermənistanın terrorçu silahlı birləşmələrinin Gəncəni raket atəşinə tutması nəticəsində evi dağılan vətəndaşımız heç nədən qorxmayaraq, Azərbaycan bayrağını dağıntılar içindən xilas etdi və onu bağrına basdı. Bu mənzərə unudulmazdır. Bu, böyük vətəndaşlıq, dövlətçilik, azərbaycançılıq nümunəsidir. Yaxud ağır yaralı şəkildə xəstəxanaya yerləşdirilən Azərbaycan əsgəri bayrağı elə qucamışdı ki, hətta tibb işçiləri belə bayrağı əsgərimizdən qopara bilmirdilər. Bundan böyük Vətən, bayraq sevgisini təsəvvür etmək çətindir. Ən ağır durumlarda igidlərimiz, insanlarımız bayrağımızdan qopa bilmirlər, onu sona qədər müdafiə edirlər. Bu, azərbaycançılıq ideologiyasının tam olaraq milliyyətindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlarımızın şüuruna, mənəvi dünyasına hopduğunun bariz örnəyidir. Bütün dünya Vətən müharibəsində azərbaycançılığın bir ideologiya kimi əzəmətini bir daha gördü.
Qələbəmiz mübarək!”
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.