“Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik”. Bu fikirlər Prezident İlham Əliyevin "Twitter" hesabındakı paylaşımında yer alıb.
Ölkə başçısı qeyd edib ki, azad edilən ərazilərə yenidən həyat qayıdacaq: “Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik”.
Prezident onu da qeyd edib ki, Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb: “Onlar torpağımızı düşməndən qarış-qarış azad edib, bu Zəfəri xalqımıza nəsib ediblər. Bu, bizim hər birimizin həyatında ən xoşbəxt anlardır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq. Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi”.
Bütövlükdə, Azərbaycan hərb meydanında əldə etdiyi Qələbəni siyasi müstəvidə də əldə etməyi bacardı. Bunların hər ikisinə nail olmaq hər ölkənin işi deyil. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər? Azərbaycan döyüş meydanında əldə etdiyi Qələbəni siyasi Qələbəyə necə çevirə bildi?
“Ermənistanda siyasi böhranın dərinləşməsi müşahidə edilir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazədənin fikrincə, Prezidentin düşünülmüş və uzaqgörən siyasəti sayəsində biz buna nail olduq: “Hesab edirəm ki, bu amilin müstəsna rolu var. Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi hərbi qələbə olmaqla yanaşı, həm də Ermənistan üzərində ciddi siyasi və psixoloji qələbədir. Hər bir müharibənin sonu danışıqlarla bitir. Artıq muharibədə Azərbaycan qalib tərəfdir və yeni siyasi nizamlanma mərhələsi başlayır. Məhz bu kontekstdə cənab Ali Baş Komandan İlham Əliyevin mesajları hərbi müstəvidə qələbəni siyasi meydanda uğurla davam etdirməkdir. Demək olar ki, Ermənistan kapitulyasiyaya imza atdı. İkitərəfli və üçtərəfli danışıqlar prosesini aktivləşdirib yeni bir detallı əməkdaşlığı nəzərdə tutan sülh müqaviləsi bağlasın. Ancaq burada biz Ermənistan cəmiyyətində davam edən böhrana da nəzər salmalıyıq. Ermənistanda siyasi böhranın dərinləşməsi müşahidə edilir. Əldə olunmuş razılaşmaya uyğun olaraq, üç rayon qaytarılmalıdır. Düşünürəm ki, biz bu yöndə də, yəni siyasi mərhələdə Qələbə qazanarıq. Çünki hərbi qələbə siyasi mərhələdə qələbəyə əsaslanır. Bu müstəvidə Azərbaycanın mövqeləri güclüdür”.
Bütün bunlardan çıxış edən politoloq hesab edir ki, Azərbaycanın Qələbə qazanacağı labüddür.
Vidadi ORDAHALLI