Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyan erməni millətinin öz ordusuna xəyanət etdiyini bildirib. “Facebook”dakı səhifəsindən canlı yayımla ermənilərə müraciət edən A.Arutunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün İrəvana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub.
“Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yox idi. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, "ölkə prezidentini" (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər?”, - deyən separatçı qurumun başçısı Hadrut ətrafındakı döyüş zamanı 1500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdığını da diqqətə çatdırıb.
A.Arutunyan, həmçinin, Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.
Bütün bunlar erməni silahlı qüvvələrinin Azərbaycan Ordusunun əsgərləri qarşısında necə aciz olduqlarının əyani sübutudur. Nəzərə alsaq ki, 1500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdığını hansısa kənar hərbi ekspert, orada olan media təmsilçisi yox, separatçılara başçılıq edən şəxs deyir, o zaman bunun nə demək olduğunu geniş izah etməyə ehtiyac qalmır.
“Araik, bu minvalla, öz uğursuzluqlarına haqq qazandırır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, bütün bunlar erməni əsgərlərinin qorxaqlığından irəli gəlir: “Görünən odur ki, onların döyüş qabiliyyəti, heç də bəzilərinin iddia etdiyi kimi, üstün səviyyədə deyil. Elə olsaydı, o zaman fərqli mənzərə yaranardı. Hadrut ətrafında döyüşlər gedəndə ilk vaxtlar ermənilər əksini deyirdilər. Yalandan deyirdilər ki, guya əks-hücuma keçiblər və s. Təbii ki, o zaman bütün bu deyilənlərə inanmırdıq. Çünki ordumuzun üstünlüyünü, yüksək döyüş qabiliyyətini görürdük. Arutunyanın indi belə danışmasının siyasi səbəbləri də var. O bunu həm də Ermənistan cəmiyyətini daha çox utandırmaq üçün deyir. Sözsüz, onlar gözləmirdilər ki, biz Hadruta belə tez hücum edib oranı ələ keçirəcəyik. Ancaq ordumuz böyük peşəkarlıqla öz vəzifəsini yerinə yetirdi. Ermənilər bəzi istiqamətlərdə müqavimət göstəriblər. Araik Qarabağ ermənisi olduğuna görə bununla Ermənistan ermənilərinə deyir ki, siz qorxaqsınız. Bu minvalla, öz uğursuzluqlarına haqq qazandırır və erməni cəmiyyətinə mesaj verir. Belədə erməni ordusunda motivasiya, döyüş ruhu və hazırlıq çox aşağı idi. Yalnız orduda xidmət edən bəzi fanatiklər döyüşdə dirəniş göstəriblər. Lakin elələrinin sayı o qədər də çox deyil”.
Hərbi ekspertin fikrincə, Azərbaycan Ordusunun peşəkarlığı və döyüş qabiliyyəti qarşı tərəfi məğlub olmağa vadar edib.
Vidadi ORDAHALLI