30 ilə yaxın davam edən erməni işğalı zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.
Erməni vandalizminə məruz qalan irsimiz sırasında İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Bilirik ki, ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Zəngilan rayonunda yerləşən, daşınmaz tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olan tarixi məscid binasından donuzların saxlandığı yer kimi istifadə olunması erməni vandalizminin daha bir bariz nümunəsidir. Müsəlmanların ibadət yeri olan məscidlərin bir qisminin məhv edilməsi, digər qisminin isə təhqir edilməsi İslam dünyası tərəfindən kəskin pislənir.
Ermənilərin məscidlərimizə, din ocaqlarımıza təhqiramiz münasibəti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən kəskin pislənir. Bu barədə İƏT bəyanat yayıb. Təşkilat bəyanatında İslam dininə abidələrin, məscidlərin ermənilər tərəfindən məhv edilməsinə, təhqir olunmasına ciddi narazılığını ifadə edir. Təşkilatın baş katibi bildirib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın işğal edilən ərazilərində bu kimi hallar çox baş verib və buna görə narahatlıq keçirirlər. Konkret faktları əks etdirən həmin bəyanatda xüsusilə də qeyd olunur ki, konkret olaraq bu hala işğaldan azad edilmiş Zəngilan rayonunun Məmər kəndindəki məscidin timsalında rast gəlinir. İƏT bunu dini abidələrə qarşı Ermənistanın düşünülmüş hərəkəti kimi dəyərləndirib. Bəyanatda, həmçinin, vurğulanır ki, Ermənistanın Azərbaycanın dini abidələrinə qarşı vandalizm hərəkətləri 1954-cü ildə Mədəni irsin qorunması ilə bağlı imzalanan Haaqa konvensiyasına və 1954-99-cu illərdə həmin təşkilatın qəbul etdiyi protokollara ziddir. Bəyanatda qeyd edilir ki, bununla bağlı İƏT quruma üzv olan ölkələrin xarici işlər nazirlərinin 46-cı sessiyasında İslam dini məkanlarının və İslam dini abidələrinin qorunması ilə bağlı 3.46 ç saylı sənəd imzalanıb.
“Heç şübhəsiz ki, bu vandalizm aktına İslam dünyası susa bilməzdi”
Tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu “Bakı-Xəbər”ə bildirdi ki, İƏT-in belə bir bəyanat verməsi müsbət addımdır. Uzun illər Ermənistanın təcavüzkar, işğalçı siyasi birləşmələrinin işğalı altında olan ərazilərimizdə abidələrimizə qarşı ermənilərin dünyada analoqu olmayan terror aktları törətdiyini vurğulayan Ə.Çingizoğlu hesab edir ki, fakta İƏT-in reaksiya verməsi o deməkdir ki, bütün İslam dünyası erməni vandalizmini kəskin tənqid edir: “İƏT-in mövqeyi təqdirəlayiqdir. Ermənistanın işğalçı silahlı birləşmələri tərəfindən ərazilərimizdə bizim mədəni irsimiz vandallıqla dağıdılıb, bir çox məscidimiz məhv edilib, bir çoxu isə təhqir olunub. Heç şübhəsiz ki, bu vandalizm aktına İslam dünyası susa bilməzdi. Qarabağdakı İslam abidələri, məscidlər, türbələr, müqəddəs ocaqlar təkcə bizim yox, bütün İslam aləminin mədəni irsidir. Biz işğaldan azad edilən ərazilərimizdə bütün abidələrimizin, o cümlədən də məscidlərimizin vəziyyətini əks etdirən görüntüləri görəndə dəhşətə gəldik. Düzdür, biz bilirdik ki, ermənilər abidələrimizi dağıdıb, bir çoxunun milli-dini, tarixi indentikliyini silib. Təsəvvür edin ki, erməni vandalları dünyanın gözü qarşısında bizim məscidlərimizi murdarlayıblar, ora donuz bağlayıblar. Ermənistanın bu hərəkətləri bütün İslam dünyasının təhqir edilməsi deməkdir. Bu baxımdan, İƏT-in Ermənistanın məscidlərimizə qarşı törətdiyi iyrənc hərəkətlərlə bağlı bəyanat yayması, erməni vandalizmini kəskin şəkildə qınaması, quruma üzv dövlərin xarici işlər nazirlərinin iştirakı ilə sessiya keçirərək xüsusi sənəd imzalaması bütün İslam dünyasının Azərbaycanın yanında olmasının, ölkəmizin qazandığı böyük qələbədən qürur hissi keçirməsinin göstəricisidir” - deyə Ə.Çingizoğlu qeyd etdi.
Ə.Çingizoğlu onu da vurğuladı ki, qəbul edilən bütün sənədlər, atılan addımlar bizə Ermənistanın beynəlxalq məhkəmələr qarşısında cəzalandırılmasına nail olmaq üçün imkanlar açır.
İradə SARIYEVA