Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutyunyan erməni millətinin öz ordusuna xəyanət etdiyini bildirib. Feysbukdakı səhifəsindən canlı yayımla müraciət edən A.Arutyunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün İrəvana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub:
“Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yox idi. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, “ölkə prezidentini” (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlardan mənə nə dedilər”.
Separatçı qurumun “başçı”sı daha sonra Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdığını da diqqətə çatdırıb. A.Arutyunyan, həmçinin, Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.
Göründüyü kimi, saxta liderin bütün Ermənistanı müharibəyə cəlb etmək cəhdi onun özünün ağır vəziyyətə düşməsilə nəticələnib. Vəziyyətdən çıxış yolunu həqiqəti etiraf etməkdə görən Arutyunyan arzusunun reallaşmamasından hiddətlənərək, hətta Ermənistan xalqını xəyanətdə günahlandırıb.
Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında Ermənistan və qondarma qurum rəsmilərinin belə açıqlamaları təsadüfən vermədiklərini bildirdi: “Müharibənin gedişində niyə bunları etiraf etmirdilər? Hətta bizim işğaldan azad etdiyimiz bir rayonu belə etiraf etmədilər. Bəli, razıyam ki, Rusiya erməniləri bizim əlimizdən ala bildi. Paşinyan əvvəl qol çəkməyə naz etdiyi kapitulyasiyaya gecə yarısı məhz bu səbəbdən imza atmağa məcbur edildi. Biz bilirdik ki, Ermənistan ordusunda vəziyyət açınacaqlıdır. Ancaq heç də onların dediyi kimi olmayıb. Bundan əvvəl başqa bir tanınmış erməni bildirib ki, bizim ordumuz güya Zəngilanı 3 “pikap” avtomobillə alıb. Belə açıqlamalarla onlar bizim ordunun guya döyüşmədiyi kimi təəssurat yaratmağa can atırlar. Ermənistan var gücü ilə bütün qüvvələrini irəli atıb. Sadəcə, Azərbaycan Ordusu qarşısında dayana bilməyiblər. Azərbaycan Ordusu onların ən ağır istehkamlarını belə yarıb keçib. Müharibənin sonunda isə qüvvələri və silahları qurtardığı üçün daha rəzil duruma düşüblər. Bəli, razıyam ki, biz Xankəndi və digər yerləri də azad edəcəkdik. Getdikcə erməni liderlər özlərindən daha çox bəhanələr gətirməyə çalışacaqlar. Müharibənin ilkin günlərində yox, sonradan Ermənistan ordusunda vahimə və panikanın hökm sürməsinə inanmaq olar. Çünki onları Azərbaycanın hansı üsulla müharibə apardığı tam vahiməyə salmışdı. Yaxşı olar ki, belə nağıllar danışmaqdansa, ermənilər öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi barədə düşünsünlər. Biz onsuz da ermənilərin qorxaq olduqlarını, döyüşkən olmadıqlarını gözəl bilirik. Belə əqidə və cəsarətlə onlar niyə böyük ideyalardan danışırlar? Deməli, hamısı boş xülyadır. Bu müharibə ilə biz həm də ermənilərin bütün miflərini darmadağın etmiş olduq”.
Ekspertin sözlərinə görə, erməni siyasilər hələ çox günahları bir-birinin üzərinə atmaqla məşğul olacaqlar, çünki başqa çıxış yolları qalmayıb.
Məhəmmədəli QƏRİBLİ