Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı ölkəmiizn apardığı yeni nəsil müharibə üsulundan və dünyanın bunu öyrəndiyindən danışıb:
“Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.
Ölkə başçısının bizim apardığımız yeni nəsil müharibə taktikası və dünyanın bunu bizdən öyrənməsilə bağlı dediyi fikirləri necə dəyərləndirə bilərik?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, doğrudan da Azərbaycanın 44 gün ərzində apardığı müharibə dünyanın bütün ordularının, hərbi ekspertlərin diqqətini cəlb etmiş oldu: “Prezidentimizin yeni üsul müharibə deməsi tam reallığı əks etdirir. Çünki müharibənin gedişi göstərdi ki, bizim Ordumuz ən müasir texnologiyalar və silah növlərindən istifadə edirdi. Bu hərbi əməliyyatların xüsusi fərqi ondan ibarət idi ki, birbaşa kontakt olmadan döyüşün aparılması həyata keçirilirdi. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi uğurları, müasir taktikanı tətbiq etməsəydik, ən azı iki ilə əldə etmək mümkün olardı. Bizim PUA-larımız düşməndə əsl vahimə yaratdı. Dəqiq atəşləri ilə, demək olar ki, düşmənin hərbi arsenalı və canlı qüvvəsinin böyük hissəsini məhz etmiş olduq. Bu cür müharibə üsulu bizə həm də hərbi əməliyyatları maksimum az itki ilə həyata keçirməyə imkan verdi. Bu baxımdan da Ermənistanla bizim itkilərimiz arasında çox ciddi fərq var. Bütün bunlara rəğmən, burada Azərbaycan Ordusundakı zabit və əsgərlərin yüksək döyüş ruhunu da xüsusi qeyd etməliyik. Çünki bu olmadan, hansı müasir silah olsa da, qələbə qazanmaq mümkün deyil. Əldə olunan bu nəticə dünyanın orduları tərəfindən təhlil edilir. Cəbhənin bir neçə cinahında ordumuz 100 km-lərlə irəliləyib. Yəni 44 günə əldə olunan nəticə çox fantastikdi. Təkcə Şuşa əməliyyatı dünyanın ən savadlı hərbi strateqlərinin təəccübünə səbəb olub. Bu bizim Ordumuzun mətinliyini və yenilməzliyini sübut edən vacib amillərdi. Mən inanmıram ki, bu dərsi alan Ermənistan bir daha bizimlə müharibə etmək fikirinə düşsün”.
Ekspertin sözlərinə görə, Azərbaycan Ordusu bu sınaqdan sonra daha da təkmilləşəcək və inkişaf etəcək.
Məhəmmədəli QƏRİBLİ