“Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək”.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib: “Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”, - dövlət başçısı qeyd edib.
“Vətən müharibəsində iştirak edən cəsur oğullarımız mükafatlandırılacaq”
Yeni orden və medalların təsis edilməsinin əhəmiyyəti haqqında danışan millət vəkili Məlahət İbrahimqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Vətən müharibəsində iştirak edən cəsur oğullarımız mükafatlandırılacaq: “Azərbaycanın igid oğulları işğal altında olmuş torpaqları qəhrəmanlıqla geri aldılar. Azərbaycanın igid oğullarının qəhrəmanlığı xarici vətəndaşların marağına səbəb olub. Hətta Avropa mətbuatı Azərbaycan əsgərlərinin cəsurluğundan yazır. Xarici mediada əsgərimizin tanksız, dronsuz yüksəkliklərə yaralı əsgəri daşıya-daşıya düşmənlə mübarizəsi qeyd edilir. Azərbaycan əsgərinin qəhrəmanlığı Azərbaycan xalqının şərəf və ləyaqətinin təcəssümüdür. Vətən uğrunda döyüşən əsgər və zabitlərə veriləcək mükafat onlar üçün dəyərli olacaq”.
Xanım millət vəkili hesab edir ki, vətənin azadlığı uğrunda aparılan mübarizə ilə bağlı veriləcək ən böyük mükafat Ali Baş Komandan İlham Əliyevə düşür: “Danılmaz faktdır ki, sərkərdə yenilməz olanda onun ordusu da yenilməz olur. Bu gün torpaqlarımızın geri alınmasında Prezident İlham Əliyevin xüsusi rolu var. Bu səbəbdən də vətən savaşında ən ali mükafat Prezidentə verilməlidir”.
Günel CƏLİLOVA