“Düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər”. Bunu Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunub: “İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.
Prezidentin bu məsələni gündəmə gətirməsi çox vacib əhəmiyyət kəsb edir. Ona görə ki, nə qədər çətin bir iş olsa da, Ermənistan Azərbaycana vurduğu ziyanlara görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir və dəymiş ziyana görə kompensasiya ödəməlidir.
O baxımdan bu istiqamətdə görülən işlərin perspektivini ekspertlər necə dəyərləndirirlər?
“Ermənistan bununla bağlı gərəkən cəza alsa, torpaqlarımıza dil uzatmağa bir daha cəsarət etməz”
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, bütün bunlara görə Ermənistan cavab verməlidir: “Tarixdə belə hallar çox olub. Beynəlxalq məhkəmələr müharibə zamanı dəymiş maddi-mənəvi ziyana görə qarşı tərəf üzərində öhdəliklər qoyub. Dəymiş zərər qüvvədə olan mülki, prosessual və digər qanunvericiliyə uyğun olaraq tərtib olunur. O cümlədən, bu yöndə görülən işlər beynəlxalq konvensiyalara uyğun aparılır. Toplanacaq materiallar əsasında Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərik. Bununla belə, BMT Təhlükəsizlik Şurasına müraciət edərək ayrıca əlahiddə məhkəmənin yaradılmasını tələb edə bilərik. Məndə olan məlumata görə, bu səpkidə materiallar hazırlanır. Baş Prokurorluq ittihamverici prossesual sənədləri hazırlayıb. Digər tərəfdən, işğaldan azad edilən rayonlarda və döyüş zamanı digər yaşayış məntəqələrində ermənilərin törətdikləri vandallıqla bağlı hesablamalar aparılır. İnsanlara dəyən həm maddi, həm də mənəvi zərərin hamısı hesablanacaq. Daha sonra bütün dünya dövlətləri tərəfindən tanınan beynəlxalq hüquq normalarına uyğun qarşı tərəfdən təzminat tələb ediləcək. Yetər ki, biz bu məsələdə çevik və prinsipial olaq. Sözügedən məsələdə qətiyyən fasilə vermək olmaz. Çünki tarixin elə bir həssas məqamıdır ki, biz bundan maksimum düzgün istifadə etməliyik. Ermənistan bununla bağlı gərəkən cəza alsa, torpaqlarımıza dil uzatmağa bir daha cəsarət etməz. Hesab edirəm ki, bütün bunların hamısı mümkündür və olacaq. Sadəcə, səbrli olmaq lazımdır. Çünki buna vaxt, zaman lazımdır. Bu kimi işlərin proseduru var və ona uyğun hərəkət etmək lazımdır. Dəymiş hər bir ziyanın hesablanması, əsaslandırılması, beynəlxalq sənədlər əsasında tərtib edilməsi zaman tələb edir. Bunların hamısı hüquqi zərgərlik tələb edir”.
Ekspert onu da qeyd etdi ki, sözügedən məsələ ilə bağlı Azərbaycanda kifayət qədər peşəkar hüquqşünas olduğuna görə bu işin öhdəsindən gələ biləcəklər.
Vidadi ORDAHALLI