Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanıb. Bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Saxlanılan şəxslərin siyahısını təqdim edirik:
- Gaqik Tsarukyan “Çiçəklənən Ermənistan” partiyası), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- Qarnik İsaqulyan “Milli Təhlükəsizlik” partiyası, ER Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- Suren Surenyants (politoloq), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə, 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- Qeqam Manukyan (“Daşnaksütyun”), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- David Ambartsumyan (“Respublikaçılar” partiyası), ER Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- Ara Saakyan (parlamentin keçmiş vitse-spikeri), RA Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- Artur Vanetsyan, (“Vətən” partiyası) RA Cinayət Məcəlləsinin 1-ci hissəsinin 225.1-ci maddəsinə, 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- Eduard Şarmazanov (“Respublikaçılar” partiyası), RA Cinayət Məcəlləsinin 225.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- Artur Qazinyan (“Vahid Ermənistan” partiyası), RA Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsinə əsasən,
- İşxan Saqatelyan (“Daşnaksütyun”), Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinir.
- Vaaqn Çaxalyan və Hraçya Qukasyana qarşı qabaqlayıcı tədbir olaraq ölkədən çıxmamaq barədə qərar qəbul edilib. Onların hansı partiya və ya təşkilata mənsub olmalarına dair məlumat verilməyib.
Cinayət işinin ilkin istintaqı davam edir.
Görünən budur ki, Dağlıq Qarabağla bağlı səsləndirdiyi populist bəyanatların acısını və məğlubiyyətini dadan Paşinyan vəziyyətdən çıxış yolunu ölkə daxilində siyasi repressiyalar aparmaqda görüb. Bu gediş Ermənistan üçün nə vəd edir?
Politoloq İlqar Vəlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda çox maraqlı proseslər cərəyan edir: “Ancaq məni bu məsələdə təəccübləndirən məqam var. Əgər belə bir hadisə Azərbaycanda baş versəydi, Qərbin reaksiyası necə olacaqdı? Təbiidir ki, bizə basqılar ediləcəkdi ki, niyə müxalifət liderlərini həbs edirik. Ancaq Ermənistanla bağlı bir kəlmə də olsun reaksiya vermirlər. Ölkənin ən aparıcı müxalifət liderləri həbs edilib, səsini çıxaran yoxdur. Fransa hətta belə şəaritdə Paşinyanı müdafiə edir. Reallıq budur. Bunu demək lazımdır ki, ictimaiyyət Qərbin qərəzli münasibətilə tanış olsun. Müxalifət bu vəziyyətdən yararlanmaq istəyir. Bu həm də bir revanşdı. Çünki Paşinyan eyni qayda ilə onları devirmişdi. Zəncirvarı bir proses yaranıb. Müharibə başlayanda biz bunu təxmin etmişdik ki, Ermənistandakı daxili vəziyyət gərginləşəcək. Amma görünən budur ki, müxalifət hətta Paşinyanın belə rəzil durumundan da yararlana bilmir. Çünki sosial bazaları zəifdir, mütəşəkkil deyillər. Deməli, onların hakimiyyəti kimi, müxalifəti də zəifdir. Xalq kütlələri heç bir tərəfə etibar etmir. Hiss olunur ki, Paşinyan öz mövqelərini getdikcə verməkdədir. Onun devrilməsi vaxt tələb edir, dərhal baş tuta bilməz. Paşinyan xaricdən dəstək almağa çalışır. Rusiyadan dəstək ala bilməyəcəyini təxmin etdiyi üçün üz tutur Qərbə. Artıq Ermənistanın daxilində Rusiya ilə Qərbin açıq mübarizəsi gedir”.
Müsahibimizin sözlərinə görə, proseslər göstərir ki, Qərbin dəstəklədiyi siyasətçilər üçün yaxşı perspektiv vəd edilmir.
Məhəmmədəli QƏRİBLİ