“Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi”. Bunu Prezident İlham Əliyev “BBC News”ə müsahibəsində deyib.
Ölkə başçısının fikrincə, Qərb mediasında münaqişəyə qərəzli mövqedən yanaşma var: “Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər”.
Müşahidələr də göstərir ki, Qərbin bir sıra aparıcı nəhəng media qurumları Ermənistanın mülki insanlara qarşı törətdiyi cinayətləri və digər məsələləri görməzdən gəlirlər. Bir dəfə olsun Ermənistanın müharibə qanunlarına əməl etmədiyi tənqid edilməyib. Yeri gəldi-gəlmədi, yalnız Azərbaycanı tənqid edirlər. Bu isə sözügedən media qurumlarının tərəfsiz olmadığını sübut edir.
“Qərb mediası qərəzlidir və bu kimi münaqişələrdə tərəf tutur”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, həqiqətən də Qərb ölkələrindən olan media qurumlarının jurnalistləri müsahibə zamanı özlərini müstəntiq kimi aparırlar: “Bu isə jurnalist etikasına daban-dabana ziddir. Ümumilikdə isə Qərb dövlətlərinin söykəndiyi demokratik dəyərlərə uyğun deyil. Ancaq buna baxmayaraq, onlar belə davranmağı özlərinə rəva bilirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, həqiqətən də bizə təlqin etdikləri media azadlığı məsələsinə onlar özləri əməl etmirlər. Yəni özləri media azadlığından danışsalar da, işlərinə gəlməyəndə buna əməl etmirlər. Ona görə əməl etmirlər ki, Qərb mediası qərəzlidir, bu kimi münaqişələrdə tərəf tutur. Üstəlik də Azərbaycan kimi müstəqil dövlətlərin sözünü deməsi onlara sərf etmir. Ona görə də müsahibələrdə qərəzli mövqedən çıxış edirlər. Ermənistanın Gəncədə, Bərdədə mülki insanlara qarşı törətdiyi qətliamları təftiş etmədilər. Bir dəfə soruşmadılar ki, dilənçi ölkə olan Ermənistan bu qədər silahı necə əldə edib? Bütün bu ədalətsizliklərə baxmayaraq, Prezident İlham Əliyev hər zaman öz sözünü deyib. Yəni onların ikili standartları, qərəzli yanaşmaları bizim əl-ayağımıza heç vaxt dolaşa bilməyib. Bundan sonra da dolaşa bilməyəcək. Nəticə də göz qabağındadır. Azərbaycan öz torpaqlarını nəhayət ki, işğaldan azad edərək müharibədən qalib çıxdı. Bizə qarşı olanlar, Ermənistanı, xüsusən də Paşinyanı himayə edənlər bu gün, sadəcə olaraq, səslərini kəsib, bir qıraqda oturmağa məcburdurlar. Çünki onların başqa yolu qalmayıb”.
Ekspert onu da qeyd etdi ki, aparıcı media orqanlarının zaman-zaman qərəzli media siyasəti aparması beynəlxalq ictimai rəydə onlara olan etimadı aşağı salır.
Vidadi ORDAHALLI