“Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik”. Bunu noyabrın 11-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib ki, bütün Azərbaycan xalqı bizim nəyi əldə etdiyimizi görəcək: “Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq”.
“Döyüş meydanında uduzan Ermənistan ordusunun atıb qaçdığı və ordumuz tərəfindən ələ keçirilən hərbi texnikaların nümayiş olunması qalib ölkənin haqqıdır”
Düşmən tərəfindən götürülmüş hərbi qənimətin Bakıya gətirilməsi və onun nümayiş etdirilməsi barədə fikir bildirən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qalib ölkə üstünlüyünü nümayiş etdirməlidir: “Bu üstünlüklərdən biri də döyüş meydanında uduzan Ermənistan ordusunun atıb qaçdığı və ordumuz tərəfindən ələ keçirilən hərbi texnikalardır. Bununla da Azərbaycan özünün silahlı qüvvələrinin üstünlüyünü, qələbə çalmaq əzmini, əsgərinin qəhrəmanlığını göstərmiş olacaq. Bunu etməyə Azərbaycanın haqqı çatır. Həmin nümayiş sayəsində Azərbaycanın gücü dünyaya bəlli olacaq”.
Həmsöhbətimizin sözlərinə görə, qənimət kimi götürülmüş hərbi texnikanın nümayişi ilə bağlı hazırlıq işi görülür.
Millət vəkili onu da vurğuladı ki, məhv edilən və ya qənimət kimi götürülən texnikaların dəyəri kifayət qədər böyükdür və bu rəqəm kasıb və büdcəsi az olan Ermənistan ordusu üçün böyük zərərdir.
Günel CƏLİLOVA