Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib ki, düşmən artıq birinci həftələrdən sonra dərk etdi ki, bizim qabağımızda dura bilməyəcəklər:
“Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq".
Prezident Paşinyanın birgə bəyanatı açıq alınla deyil, gizli şəkildə imzaladığına da aydınlıq gətirib:
"Noyabrın 9-da imzalanmış birgə bəyanat, faktiki olaraq, Ermənistanın sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalama mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan?".
Paşinyanın kaputilyasiya sənədini niyə belə biabırçı vəziyyətdə imzalaması nə ilə bağlı olub?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bu cür addımının bir neçə izahı ola bilər: “Artıq proseslərin gedişi də göstərir ki, o, xalqın qəzəbindən qorxduğu üçün belə addım atıb. Görürsünüz ki, Ermənistanda bundan xəbər tutan kimi xalq onun iş yerinə, evinə basqın etdi. İkinci səbəb isə ermənilərə xas olan məkr, hiylə ilə bağlıdır. Gələcək üçün özünə əl yeri qoyur ki, desin mənim ora imza atmağımı kim görüb? Və yaxud da deyə bilər ki, imzamı saxtalaşdırıblar. Bunların hamısı ola bilər. Azərbaycan və Rusiya prezidentləri həmin sənədi publikanın qarşısında imzalayıblar. Paşinyan hətta həmin sənəddən imtina etsə belə, Ermənistan tərəfdən onların qarantı Rusiyadır. Onların bu fəndi istənilən nəticəni verməyəcək. Proseslər başqa cür də gedə bilər. Ola bilər ki, müxalifət Paşinyanı aşırsın və onun yerinə gələn adam müqavilədən çıxdığını bəyan etsin. Həmin adam Rusiyanın dəstəyilə hakimiyyətə gələn şəxs olsa, onda vəziyyət tam dəyişə bilər. İmzalanan sənəd saziş və ya müqavilə deyil, sadə bəyanatdır. Sənəd parlamentlər tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minəcək. Ermənistan bütün bunları əlində əsas tutub sənəddən imtina edərsə, biz Türkiyə ilə birlikdə həmin varianta hazırıq. Hadisələrin gedişi onların öhdəliklərə əməl etmək istəmədiklərini göstərsə, Azərbaycan onlara vaxt vermədən dərhal hərbi əməliyyatlara başlamalıdır. Əgər ermənilərin bu əməllərinə Rusiya sərt reaksiya verməsə, deməli, bölgədə güc balansı Rusiya-Ermənistan, Türkiyə-Azərbaycan kimi bölünəcək və hərbi qarşıdurma bu səpkidə davam edəcək. Ermənistan Qərbə arxalanıb bu addımı atsa, Rusiya kənarda qalacaq və bizim Ermənistanı necə əzdiyimizi seyr edəcək”.
Müsahibimizin sözlərinə görə, biz bu varianta tam hazırıq və bu, Ermənistanın öz mövcudluğuna belə son qoya bilər.
Məhəmmədəli QƏRİBLİ