Xəbər verildiyi kimi, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bəyanat 9 bənddən ibarətdir. Sözügedən bəndlərdə tərəflər arasında əldə olunan razılıqlar öz əksini tapıb.
Razılaşmanın 6-cı bəndində qeyd edilir ki, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Diqqətçəkən məqam odur ki, Laçın dəhlizi Şuşadan yan keçəcək. Bu o deməkdir ki, sözügedən dəhlizin Şuşaya dəxli olmayacaq. Bax, burada Şuşa məsələsinin belə qoyulmasının strateji əhəmiyyəti nədir?
“Bu, nəticə etibarilə, Şuşanın strateji əhəmiyyətini daha da artıracaq”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Laçın dəhlizinin Şuşadan yan keçməsinin bu şəhər üçün strateji əhəmiyyəti böyükdür: “Ən azından, ona görə ki, bu, Şuşada yaşayan azərbaycanlılar üçün hansısa diskomfort yaratmayacaq. Bununla əlaqədar şəhərdə sülhməramlı qüvvələr yerləşdirilməyəcək. Bu, nəticə etibarilə, Şuşanın strateji əhəmiyyətini daha da artıracaq. Danışıqlarda bu amilin öz əksini tapması Azərbaycan üçün böyük önəm daşıyır. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Şuşada yaşayan əhalinin 98 faizi azərbaycanlı olub. Hələ sovet dönəmində əhalinin, demək olar, tam əksəriyyəti azərbaycanlılardan ibarət olub. Laçın dəhlizində yerləşən sülhməramlılar oradan gəlib keçən maşınları yoxlayacaqlar. Təhlükəsizliyi təmin etmək üçün lazım olan işləri görəcəklər. O baxımdan, əlbəttə ki, bunun önəmi var. Sülhməramlılar o yerdə dayanacaqlar ki, orada təhlükəsizliyin təminatı məsələsi olsun. İrəvandan Xankəndinə gedən ən qısa yol Laçın dəhlizindən keçir. Dəhlizin Şuşadan keçməməsi həm də o deməkdir ki, bu şəhərdə hansısa təhlükəli məqam yaranmayacaq. Söhbət ermənilərin yarada biləcəyi potensial risqlərdən gedir. Məsələnin bu tərəfi də var. Bütün bunlar həm də Azərbaycanın Şuşaya necə böyük önəm verməsinin göstəricisidir. O baxımdan buna müsbət yanaşıram”.
Hərbi ekspertin fikrincə, Şuşanın rolu Azərbaycan üçün daha da artacaq.
Vidadi ORDAHALLI