Vətən savaşı Azərbaycanın həm diplomatiyada, həm də hərb cəbhəsində tam qələbəsi ilə başa çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi, ordumuzun qüdrəti, xalqımızın milli birliyi sayəsində Ermənistanın dizini yerə gətirən tarixi qələbə qazandıq.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 5 rayondan ibarət olub. Ərazisi 4400 kv/km-dir. Xəritədən də göründüyü kimi, həmin əraziyə daxil olan Hadrut rayonu (ərazisi 1877 kv/km) tam olaraq Azərbaycan Ordusunun nəzarətindədir. Keçmiş Əsgəran, Şuşa, Ağdərə və hazırkı Xocavənd rayonlarının da ərazilərinin bir hissəsinə Silahlı Qüvvələrimiz tərəfindən nəzarət edilir. İşğal altında olan Ağdam, Laçın və Kəlbəcər dekabrın 1-nə qədər boşaldılacaq.
Bu cür ciddi məğlubiyyətə rəğmən, Ermənistanda dövlət təbliğatı belə rəy yaratmağa çalışır ki, guya onlar məğlub olmayıblar. Guya toparlanıb əvvəlki mövqeləri geri alacaqlar. Döyüşü uduzsalar da, müharibəni uduzmayıblar və s. Əslində, dünya hərb taktikası da sübut edir ki, bu məğlubiyyətdır. Sözügedən itkilər həmin dövlətin kapitulyasiyası sayılır. Bir sözlə, Ermənistanın dövlət təbliğatı cəmiyyəti aldadaraq kapitulyasiyanı mifik "yeni qələbələrin başlanğıcı" kimi qələmə verir.
“Ermənistan kimi yoxsul, əhalisi az olan bir ölkənin bunu kompensasiya edə biləcəyi real deyil”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, ermənilərin bu təbliğatı tamamilə absurddur: “Ermənistanın rəsmi təbliğat orqanları bununla cəmiyyəti aldatmağa çalışsalar da, heç sadə ermənilər buna inanmırlar. Ona görə ki, üzləşdikləri ağır məğlubiyyət ortadadır. Ermənistan Dağlıq Qarabağın cənubunda olan əraziləri itirib. Bununla belə, şimal istiqamətində çoxsaylı stratji əhəmiyyətli yüksəklik əldən verilib. Ermənistan ordusunun itirilmiş mövqeləri hərb yolu ilə geri qaytarması isə mümkün olan iş deyil. Çünki nə indi Ermənistanın bununla bağlı resursları var, nə də bundan sonra qarşı tərəfin toparlana biləcəyi mümkün deyil. Ona görə ki, işğalçı tərəf çox ciddi itkilərə məruz qalıb. Düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilməklə yanaşı, hərbi infrastrukturu da sıradan çıxarılıb. Ermənstan kimi yoxsul, əhalisi az olan bir ölkənin bunu kompensasiya edə biləcəyi real deyil. Belə olan halda, hansı “müvəqqəti məğlubiyyət”dən söhbət gedə bilər? O üzdən, deyilənlərin heç bir əsası yoxdur. Buna əksər müşahidəçi gülünc prizmadan yanaşır”.
Hərbi ekspert onu da qeyd etdi ki, yalan üzərində qurulan erməni təbliğatı fiaskoya məhkumdur.
Vidadi ORDAHALLI