44 günlük müharibə başlayana qədər Ermənistan tərəfi demək olar ki, hər gün rəsmi səviyyədə müharibə bəyanatları verir və Azərbaycanı hərbi əməliyyatlara başlamağa təhrik edirdi. Ermənistan rəhbərliyi bu ölkənin ordusu haqqında ağılasığmaz miflər uydurur, onun “gücü” barədə danışırdı.
Lakin 44 günlük Vətən Müharibəsi Ermənistan ordusunun mifdən ibarət olduğunu çılpaqlığı ilə ortaya qoydu, erməni yalanlarını ifşa etdi. Ordumuz qarşısında duruş gətirə bilməyən işğalçı hərbi birləşmələr döyüş meydanından açıq şəkildə qaçmağa başladılar. Xarici muzdlu qüvvələrdən bir təhər özünə silahlı birləşmələr yaradan Ermənistan sonda muzdluların pulunu ödəyə bilmədiyi üçün biabırçı vəziyyətə düşdü.
Ermənistan ordusunun yalnız mifdən ibarət olduğunu artıq Ermənistanın Baş naziri Paşinyan da etiraf etmək məcburiyyətində qalıb. Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayım zamanı deyib ki, Qarabağla bağlı razılaşma ordunun tövsiyəsi ilə imzalanıb. O bildirib ki, döyüş zamanı hərbi resurslar səmərəli olmayıb: “Ordu deyirdi ki, dayanmaq lazımdır. Elə məsələlər var ki, onların ya həlli perspektivi yoxdur, ya da resurslar tamamilə bitib. Ön cəbhədə döyüşənləri əvəz edən yox idi. Elə döyüşçülər var idi ki, bir ay əvəz olunmadan döyüşüb. Nəticədə rəhbərlik müharibəni dayandırmaq qərarına gəldi”.
“...bu gün reallıqla barışmalı oldular”
Tanınmış hərbi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Ermənistanda mütəşəkkil, nizamlı ordu heç zaman olmayıb, sadəcə, terrorçulara, muzdlulara arxayın olan Ermənistanın hərbi-siyasi rəhbərliyi bu ölkənin guya güclü orduya sahib olması haqqında miflər uydurub. Azərbaycan Ordusunun isə bu mifi tamamilə dağıtdığını deyən T.Eyvazovun sözlərinə görə, Paşinyan ordunun bütün resurslarının tükəndiyini etiraf etməklə, əslində, Ermənistan ordusunun hansı vəziyyətdə olduğunu bəyan edib. “Əslində, Ermənistan ordusu ilə bağlı yaradılan mifi Azərbaycan Ordusu çoxdan dağıdıb. Mütəxəssislər bunu yaxşı bilirlər. Ermənistan ordusu ilə bağlı uydurulan mif hələ 2016-cı ildə ordumuz tərəfindən darmadağın edilib. Sadəcə, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ölkəsinin yalançı ordu mifi ilə bağlı təbliğatını özünə təsəlli vermək üçün davam etdirirdi, amma bu gün reallıqla barışmalı oldular. Ermənistan ordusu haqqında yaradılan uydurma mif növbəti dəfə də 44 günlük müharibənin ilk günlərində məhv edildi. Ermənistan müharibənin əvvəlki günlərində ordusuna deyil, həm əlindəki texnikaya, həm də 28-30 il müddətində işğalda saxladığı ərazilərimizdə qurduğu müdafiə xətlərinə, tikdiyi istehkamlara güvənirdi, onları da Azərbaycan Ordusu yerlə yeksan etdi”.
T.Eyvazovun sözlərinə görə, o, Paşinyanın əvvəlki çıxışlarından fərqli olaraq, bu dəfə Ermənistan ordusunun bütün resurslarının tükəndiyini etiraf etməsini normal qəbul edir. Müsahibimiz vurğuladı ki, dünyanın hərb tarixində baş verən müharibələrdə zəif tərəf özünü xilas etmək üçün ona təqdim edilən şərtlərə əməl edərək geri çəkilir. “Təbii ki, müharibənin ilk həftələrində Ermənistan ordusunun sonunun necə olacağı bəlli idi. İstər Azərbaycanın Ali Baş Komandanı, həm də başqa ölkələrin dövlət rəhbərləri, eləcə də Ermənistanın az da olsa vəziyyəti qiymətləndirə bilən insanları tərəfindən Paşinyana geri çəkilmək məsləhət olundu. Amma yadınızdadırsa, Paşinyan Ermənistan parlamentində bu məsələ haqda çıxış edəndə orada oturanlar birmənalı “müharibəni davam etdirməliyik, buna bizim resurslarımız yetir” iddiasını ortaya qoydular. Paşinyan onların sözü ilə müharibəni davam etdirdi, amma sonda Ermənistan ordusu ondan dayanmağı tələb etdi. Reallıq bundan ibarətdir ki, XXI əsrin ən güclü orduları sırasında yer tutan, ən müasir silahlara və bütün digər güclü resurslara sahib olan Azərbaycan Ordusu düşmənin bütün resurslarını, o cümlədən də hərbi texnikasını tamamilə sıradan çıxardı. Təbii ki, döyüş zamanı ordumuz tərəfindən Ermənistanın cəbhədəki ixtisaslı zabit heyəti, digər hərbi ixtisaslı kadrlarının hamısı sıradan çıxarıldı. Bundan sonra artıq müqavimətin əsası qalmadı. Ona görə də Paşinyan Rusiya vasitəsilə müharibənin dayandırılmasına nail oldu. Onun başqa yolu yox idi. Hesab edirəm ki, o, gec də olsa səhvini başa düşdü. Çünki çox qısa zaman ərzində Şuşa kimi bir qalanı şir kimi pəncələri ilə döyüşərək alan Azərbaycan Ordusunun qarşısında Ermənistan ordusunun duruş gətirməsi mümkün deyildi. Paşinyan bu qərara imza atmaqla Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən Ermənistan ordusunun qalan hissəsini xilas etdi. Ermənistan ordusunun, ümumiyyətlə, döyüşməyə taqəti yox idi” - deyə T.Eyvazov vurğuladı.
İradə SARIYEVA