Siyasi təhlilçilər hesab edirlər ki, noyabrın 10-da üç ölkə arasında imzalanan bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiyanı qəbul etməkdən başqa yolu qalmadı.
Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, əslində, Paşinyan kapitulyasiya şərtlərinə razılığını vermiş oldu. Dövlət başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq. Nəhayət, belə də oldu. Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız azad olunacaq. Həmçinin, bölgədə sülhyaratma prosesi təkcə Rusiya tərəfindən deyil, Türkiyənin də birgə iştirakı ilə təmin ediləcək. Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında, o cümlədən sülhyaratma mərkəzində fəal iştirak edəcək. Bu isə o deməkdir ki, Türkiyə prosesin içində olacaq.
O da məlumdur ki, cəmiyyətdə bəziləri Türkiyənin sülhyaratma prosesində iştirakına şübhə ilə yanaşırlar. Daha dəqiq desək, bununla bağlı bir narahatlıq var. Bunu onunla əlaqələndirirlər ki, noyabırın 10-da imzalanan əsas sənəddə Türkiyənin sülhyaratma əməliyyatlarında iştirakı göstərilməyib. O səbəbdən bunun Azərbaycan üçün ziyanlı olduğunu düşünənlər var.
Maraqlıdır, imzalanmış sözügedən sənəddə əsasən qardaş Türkiyənin Qarabağda sülhyaratma fəaliyyətində iştirak payı nə qədər həlledici olacaq? Məsələnin əsl mahiyyəti nədir?
“Burada Türkiyə sülhməramlıları da yer alır”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bununla bağlı ciddi narahatlığa əsas yoxdur: “Düzdür, sözügedən sənəddə bu işin Rusiya ordusu tərəfindən həyata keçirilməsi göstərilib. İlk baxışdan bu, o qədər də qaneedici sayılmadı. Çünki Türkiyənin bu işdə daha aktiv rol almasını arzu edənlər var. Ancaq Rusiya ilə birgə Türkiyə də sülhyaratma prosesində iştirak edəcək. Məsələ ondadır ki, razılaşmaya əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Burada Türkiyə sülhməramlıları da yer alır. Nəticədə atəşkəsin pozulması və digər təxribatların qarşısı bu mərkəz vasitəsilə alınacaq. Bununla yanaşı, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. Heç şübhə etmirəm ki, Türkiyə sözügedən məsələdə aktiv rol oynayacaq. Necə ki, Suriyada bununla bağlı iki ölkə əməkdaşlıq edir. Bu baxımdan proses hələ davam edəcək”.
Partiya funksionerinin fikrincə, bir müddət sonra bir sıra məsələlərə tam aydınlıq gətiriləcək.
Vidadi ORDAHALLI