Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarının işğaldan azad edildiyini və Ermənistanın kapitulyasiyasını təsdiqləyən sənəd imzalayıb. Paşinyanın sözügedən sənədə imza atması Ermənistanı əməlli-başlı qarışdırıb, baş nazirin təslimçilik sənədini imzalaması bu ölkədə etiraz dalğasını gücləndirib.
Nikol Paşinyan ölkənin kapitulyasiya qərarından sonra bir gündə ikinci dəfə öz “Facebook” səhifəsində canlı yayım vasitəsilə çıxış edib. Erməni KİV-inə istinadən məlumatına görə, o, niyə məhz münaqişənin bu mərhələsində müqaviləni imzaladığını izah edib. Onun sözlərinə görə, ilk növbədə, xalqa Qarabağın statusu müəyyənləşmədən azı 5 rayonun qaytarılması məsələsini təklif etməli idi. O bildirib ki, xalq bu təklifi qəbul etməyəcəkdi: “Siz “yox” deyəcəkdiniz. Sizin yerinizdə olsaydım, mən də belə cavab verərdim. Bu, ona görə alınmadı ki, ərazilərin verilməsi məsələsi danışıqlarda ən dəqiq tezis idi. Yalnız bu məsələdə fikir ayrılığı olmayıb”.
Baş nazir əlavə edib ki, yaranmış vəziyyətə görə özü şəxsən tam məsuliyyət daşıyır: “Amma digər həll yolları mövcud deyil. Sənəd indi imzalanmasaydı, vəziyyət daha da pisləşəcəkdi”.
Paşinyan bu sənədi imzalamasaydı, daha nələr baş verə bilərdi? Paşinyan bu açıqlama ilə Ermənistan cəmiyyətinə nəyi çatdırmaq istəyir?
“...Paşinyanı kapitulyasiya sənədinə imza atmağa məcbur etdi”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, Paşinyan “sənəd indi imzalanmasaydı, vəziyyət daha da pisləşəcəkdi” deməklə, əslində, sənəd imzalanmasaydı, Ermənistanın dağılma təhlükəsi ilə üzləşəcəyini demək istəyib. “Paşinyan öz ölkəsini hər kəsdən yaxşı tanıyır və hansı vəziyyətdə olduğunu hamıdan yaxşı bilir. Ermənistanda vəziyyət bütün istiqamətlərdə onsuz da ağır idi və 44 günlük müharibə də bu ölkəni tamamilə dizə çökdürdü. Ermənistanın, faktiki olaraq, bütün resursları tükənib, Paşinyan özü də dedi ki, hərbi gücləri iflas vəziyyətdədir, bütün texnikaları sıradan çıxıb, üstəlik də Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır, siyasi böhran durmadan dərinləşir. Ermənistanın düşdüyü bu şəraitdə müharibəni davam etdirmək onun bir dövlət kimi tamamilə məhv olması demək idi. Paşinyan artıq real vəziyyətin hansı şəkildə olduğunu yaxşı görür. Paşinyanın bu sənədi imzalamağa razılıq verməsi əsasən ölkəsinin daxili vəziyyətilə bağlıdır. Daha nə edə bilər ki? Yadınızdadırsa, sizinlə söhbətlərimizdən birində demişdim ki, Paşinyan təcavüzkarlığından əl çəkməsə və işğalçı qruplaşmalarını Azərbaycan ərazilərindən tezliklə çıxarmasa, Ermənistanın bir dövlət kimi mövcudluğu təhlükə altında qala bilər. Hesab edirəm ki, Paşinyan artıq Ermənistanın bir dövlət kimi mövcudluğunun təhlükə altında olduğunu görüb bu sənədi imzaladı. İkinci əsas məsələ isə burada xarici siyasət amilidir. Paşinyan nə qədər yalvarsa da, nə qədər təxribatlara əl atsa da, üçüncü dövləti müharibəyə cəlb etməyə çalışsa da, buna nail ola bilmədi. O ümid edirdi ki, başqa dövlətlər, ilk növbədə də Rusiya Ermənistanı müdafiə edəcək. Amma Rusiya dövləti Azərbaycanın haqq işinin yanında oldu və ölkəmizin ərazi bütövlüyünü müdafiə etdi. Rusiya Paşinyanın bütün istəklərinə, çağırışlarına beynəlxalq hüquqdan çıxış edərək rədd cavabı verdi və Paşinyana anlatdı ki, müharibə Azərbaycan ərazisində gedir. Bunu şəxsən bir necə dəfə Rusiya Prezidenti Putinin özü dedi ki, müharibə Ermənistan yox, Azərbaycan ərazisində gedir. Paşinyan hökumətinin həm daxili problemləri, həm də xarici siyasətdəki uğursuzluqları Paşinyanı kapitulyasiya sənədinə imza atmağa məcbur etdi”.
Ş.Ağayev hesab edir ki, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi, bizim işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı sərgilədiyi haqlı mövqe bu məsələdə çox böyük rol oynadı. Ekspertin bildirdiyinə görə, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə haqq işinin müdafiə və təqdir edilməsi, Ermənistanın təcrid olunması kimi amillər sübut etdi ki, Ermənistan cəbhədə təkdir, bunun nəticəsində də bu ölkə məğlub olub: “Beynəlxalq rəyin və cəbhədəki vəziyyətin Ermənistanın əleyhinə işlədiyini görən Paşinyan baxdı ki, vəziyyət get-gedə daha da pisləşəcək, bu səbəbdən də bu sənədi imzalamağa məcbur qaldı. Paşinyan Ermənistan cəmiyyətinə bununla demək istəyib ki, bu sənədi imzalamasaydı, bütün mənalarda vəziyyət daha da kritik olacaqdı, xilas olmağın başqa yolu yox idi, ortada Ermənistanın bir dövlət kimi məhv olmaq təhlükəsi var idi. O, bunları çatdırmaq istəyib” - deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA