Azərbaycan xalqı böyük coşqu ilə möhtəşəm qələbəsinin sevincini yaşayır. 10 noyabr 2020-ci il tariximizə unudulmaz bir gün kimi yazıldı. Noyabrın 10-da gecə ikən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələyib: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
İkinci Qarabağ müharibəsinin başladığı gündən, ordumuzun uğurlu əks-hücum əməliyyatına keçdiyi vaxtdan Azərbaycan xalqı bu xəbəri gözləyirdi. Qüdrətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan bütün ərazilərimizin tezliklə azad ediləcəyinə inanırdıq. İndi böyük fəxarətlə, sonsuz qürurla, səsimiz gəldikcə deyirik: qələbə bizimdir!
Böyükdən tutmuş, kiçiyə qədər hər həs Azərbaycan qələbəsinə sevinir. Qələbə xəbərinə sevinənlər arasında Azərbaycanda yaşayan əcnəbilər də var.
Şəhərdə böyük coşqu ilə qarşılanan qələbə xəbəri ilə bağlı çoxsaylı videoçəkiliş olub. Həmin çəkilişlərdən birində paytaxtda yaşayan əcnəbi vətəndaşların Azərbaycan mahnısının sədaları altında rəqs edərək, Azərbaycanın qələbə sevincini bölüşdükləri görünür.
Azərbaycanın qələbəsinə dost ölkələrin vətəndaşları da sevinirlər. Belə ki, ölkəmizdə yaşayan Pakistan vətəndaşları paytaxt sakinləri ilə birlikdə küçələrə axın ediblər. Azərbaycan bayrağını çiyinlərində gəzdirən pakistanlılar qələbə sevincini Azərbaycan mahnısının sədaları altında rəqs edərək bildiriblər.
“Qələbə xəbərinə sevinənlər arasında əcnəbilərin də olduğunu görürük”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, qələbə əvəzolunmaz nemətdir. 30 il torpaq həsrətimizin sonu, güclü Azərbaycan deməkdir. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan, qalib ölkədir. Axır ki, haqq-ədalət öz yerini tapdı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bildirilirdi ki, münaqişənin hərb yolu ilə həlli yoxdur. Amma cənab Ali Baş Komandanımız dəmir yumruğu dünyaya sübut etdi ki, elə deyil: "Qələbə xəbərinə sevinənlər arasında əcnəbilərin də olduğunu görürük. Türk, rus, pakistanlı, nigeriyalı, vyetnamlı və digər ölkələrin vətəndaşları Azərbaycanın uğuruna sevinirlər. Azərbaycanda təhsil alan tələbələr, iş adamları qələbə xəbərinə sonsuz sevinirlər. Hətta Azərbaycanda yaşamayan xaricilər belə ölkəmizin qələbə qazanmasına sevinirlər. Bu o deməkdir ki, Azərbaycanda yaşayan və yaşamayan istənilən ölkənin vətəndaşına ölkəmiz tərəfindən xoş münasibət bəslənir. Onlar da Azərbaycanı öz ölkələri kimi sevirlər"”
Günel CƏLİLOVA