Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Hərbi vəziyyətin elan edilməsi haqqında fərmana uyğun olaraq hərbi vəziyyətin təmin edilməsi məqsədilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
Fərmana əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.
Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir; xüsusi giriş-çıxış rejimi tətbiq olunur, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.
Daxili İşlər Nazirliyinə komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.
Xarici İşlər Nazirliyinə “Hərbi vəziyyət haqqında” AR Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etmək tapşırılıb.
İndiki məqamda hərbi vəziyyətin tətbiqini zəruri edən amillər hansılardı?
Hüquqşunas Mehman Muradlı qəzetimizə bildirdi ki, bunu zəruri edən şərtlər mövcuddur: “Hazırda ölkə irimiqyaslı müharibə aparır. Öz ərazilərini düşməndən təmizləyir. İstənilən halda, buna mane ola biləcək amillər nəzərə çarpa bilər. Bu baxımdan da, belə vəziyyətdə lazımi addım sayıla bilər. Hüquqi baxımdan burada heç bir məhdudiyyət yoxdur. Hərbi-strateji və təhlükəsizlik baxımından da bunu zəruri edən amillər mövcuddur. Məsələn, hərbi vəziyyətin elan olunduğu əraziyə xüsusi giriş-çıxış rejiminin tətbiqi, ölkəyə xüsusi gəlmə-getmə qaydaları tətbiqi, yaşayış və ya olduğu yeri seçmək hüququnun və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması baş verə bilər ki, bu da mövcud şərait üçün lazımdır.
Qanunvericiliyə görə, ölkə ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan ediləndə hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 (üç) ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz. Eyni zamanda, hərbi vəziyyətlə bağlı tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması, mitinq və nümayişlərin qadağan edilməsi də mümkündür. Bu da zəruri addımdır. Çünki bəzi yerli radikal dairələr xaricin dəstəyilə hakimiyyət mübarizəsi adı altında bəzi təxribatlara əl ata bilərlər ki, bu da cəbhədəki vəziyyətə təsir edər. Biz bunun acı təcrübəsini bir dəfə yaşayıb, ərazilərimizi itirmişik. Bir daha bunun təkrar olunmasını istəmiriksə, bu qaydalara riayət etməliyik. Hərbi vəziyyət dövründə məxfilik rejiminin gücləndirilməsi, rabitədən istifadə, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət gücləndirilir. Bu da olduqca vacibdir. Çünki belə vəziyyətlərdə müəyyən məlumatların sızdırılması və düşmənin dezinformasiya yayması halları baş verə bilər.
Bu dövrdə kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi, xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, hətta onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi, cəbhəboyu zonada KİV-in fəaliyyətinin tənzimlənməsi öz əksini tapa bilir. İnformasiya siyasətinə nəzarət də olduqca vacibdir. Çünki biz düşmənlə həm də ideoloji cəbhədə mübarizə aparırıq. Bütün bunlar və sadalamadığımız digər amillər indiki məqamda hərbi vəziyyətin elanını zəruriləşdirir”.
Müharibə şəraitində qaydaların sərtləşməsinin həm ordumuza, həm də vətəndaşlarımıızın gələcəyinin təminatına faydası dəyəcək.
Məhəmmədəli QƏRİBLİ