Ermənistanın təcavüzkarlığına qarşı Azərbaycanda güclü ictimai-siyasi həmrəylik var. Bunun nəticəsidir ki, sentyabrın 27-də 50 partiya hökumətə dəstək bəyanatı ilə çıxış edib. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar.
Bəyanatda qeyd edilir ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. Eyni zamanda, aparılan əks-hücum əməliyyatları dəstəklənir: “Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!
Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq”.
Onu da qeyd edək ki, sözügedən 50 partiya içində radikal mövqedən çıxış edən müxalifət partiyaları da var. Bundan başqa, radikal mövqedən çıxış edən Müsavat Partiyası da ayrıca bəyanat qəbul edərək, döyüşlərlə əlaqədar hökumətin yanında olduqlarını bəyan edib. Təkcə Azərbaycanın haqq işi uğrunda mübarizədə AXCP milli həmrəylik göstərməyib. Nə partiyalarla birlikdə, nə də ayrıca dəstək xarakterli bəyanatla çıxış etməyib. Baxmayaraq ki, bu, bütün Azərbaycan xalqı üçün milli məsələdir.
“AXCP özünü kənarda qoyursa, deməli, bu partiya yad ideologiyanın daşıyıcısıdır”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, ölkədəki bütün partiyaların sözügedən məsələdə həmrəylik göstərmələri mühüm siyasi uğurdur: “Dünya tarixində dəfələrlə olub ki, müharibə baş verəndə digər məsələlər bir kənara qoyulur. Siyasi partiyalar milli həmrəylik nümayiş etdirirlər. Ancaq hansısa siyasi təşkilat kənarda qalırsa, o zaman həmin təşkilat özü-özünü nüfuzdan salır. Çünki sözügedən məsələ çox vacib əhəmiyyət kəsb edir. Son iki gündə Azərbaycan xalqında olan ruh yüksəkliyi üstün səviyyədədir. Demək olar, bütün partiyalar Qarabağ cəbhəsində aparılan əks-hücum əməliyyatlarını, torpaqların azad olunmasını dəstəkləyir. Sözügedən məsələdə hökumətin, xalqın yanında yer alıblar. Hesab edirəm ki, bu, ölkədə olan siyasi həmrəyliyin göstəricisidir. Ən radikal mövqedən çıxış edən siyasi təşkilatlar belə, hökumətin torpaqların azad olunması ilə bağlı tutduğu mövqe ilə həmrəydir. Son iki gündə Azərbaycan xalqında olan ruh yüksəkliyinə münasibətdə AXCP özünü kənarda qoyursa, deməli, bu partiya yad ideologiyanın daşıyıcısıdır. Öz xalqına münasibətdə doğma mövqe sərgiləmir”.
Ekspertin fikrincə, bütün hallarda, bundan itirən tərəf sözügedən radikal partiya olacaq.
Vidadi ORDAHALLI