Cəbhə zonasında baş verənlər qonşu Gürcüstanda da diqqətlə izlənilir. Tiflis rəsmi şəkildə indilikdə hərbi əməliyyatların dayandırılmasına dair çağırışlar edir. Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bu xüsusda bildirir: “Gürcüstan Azərbaycan və Ermənistan arasında baş verənləri diqqətlə izləyir və ümid edir ki, eskalasiya aradan qaldırılacaq”.
Spiker regionda vəziyyətin normallaşacağı, sakit və təhlükəsiz mühitin hökm sürəcəyinə ümidvar olduğunu deyib: “Bizim bölgədə çətinliklər çoxdur. Regionda sülh və təhlükəsizlik maksimal olaraq qorunmalıdır”. Amma Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze “Palitranews” telekanalına müsahibəsində başqa mövqedən çıxış edir: “Azərbaycan və Ermənistan arasında qarşıdurma bir neçə gün ərzində başa çatmasa və genişmiqyaslı müharibəyə çevrilsə, bu o deməkdir ki, bu münaqişəyə bütün bölgə, o cümlədən Gürcüstan da cəlb olunacaq”. O, bölgənin həm humanitar, həm də iqtisadi planda fəlakətlə üzləşdiyini bildirib: “Hazırkı vəziyyəti çox mürəkkəb kimi qiymətləndirərdim. Ermənistan-Azərbaycan konflikti bir neçə gün ərzində dayanmasa, genişmiqyaslı savaşa keçsə, bu o deməkdir ki, ona bütün region, o cümlədən Gürcüstan da cəlb ediləcək. Mümkündür ki, Qarabağ konfliktinin aktivləşməsi və döyüş fazasına keçməsi böyük oyunçuların təşəbbüsü ilə baş verir. Burada Türkiyə, Rusiya və digərlərinin əlinin olmasını təsdiq edə bilmərəm. Bir daha təkrar edirəm ki, Ermənistan-Azərbaycan konflikti bir neçə gün ərzində dayanmasa, genişmiqyaslı savaşa keçsə, ona bütün region cəlb ediləcək. Humanitar və iqtisadi nöqteyi-nəzərdən region üçün fəlakət təhdidi var. Bunun belə olacağını deyə bilmərəm, amma hazırkı vəziyyətin məntiqi bunu deməyə əsas verir”. Digər gürcü politoloq Qela Vasadze də savaşın regiona olan təhdidinin miqyasının geniş olduğunu bildirir: “Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların genişlənməsi qaçılmaz idi və regiondakı vəziyyətlə maraqlanan hər kəs tərəfindən gözlənilirdi”. Ekspertin sözlərinə görə, bu, ilk başda Ermənistandakı daxili siyasi vəziyyət, elitaların dəyişməsi, epidemiya, iqtisadi böhran və hakimiyyət uğrunda mübarizə fonunda ziddiyyətlərin kəskinləşməsi səbəbindən baş verdi: “İkinci səbəb ölkə daxilində Paşinyana qarşı olan rusiyapərəst müxalifət faktorudur və Paşinyanla Putin arasında psixoloji uyğunsuzluqdur. Üçüncüsü, Azərbaycan diplomatiyasının ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə əldə etdiyi uğurlardır. Dördüncüsü, Ermənistanla Yunanıstan arasında münasibətlərin KTMT formatından kənar intensivləşməsidir. Beşincisi, Navalnı həngaməsi, Belarus hadisələri, yeni sanksiyaların perspektivi və Rusiyanın digər xarici siyasət problemləri ilə bağlıdır. Altıncısı, region üzərində nəzarəti itirmək qorxusudur”. Politoloq deyib ki, bu 6 mühüm səbəblə yanaşı, digər daha az əhəmiyyətli amillər də var.
Başqa bir gürcüstanlı ekspert Quram Marxuliya vurğulayır ki, Ermənistan tərəfi daha bir təxribata əl atmaqla bir daha sübüt etdi ki, onlar regionda sülhün olmasında maraqlı deyillər: “Qarabağda separatçı rejimə nəzarət edən Ermənistan hakimiyyəti qırmızı xətti keçib, baxmayaraq ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra bütün bu illər ərzində Bakı səbrlə münaqişənin sülh yolu ilə həllinə çalışıb”. O qeyd edib ki, məhz buna görə ermənistanlı rəhbərlər öz diasporlarına müraciət edir, dünya ictimaiyyətini işğal olunmuş ərazilərin Ermənistan ərazisi olduğuna inandırmaq üçün Livandan ailələri köçürür. Ekspert bildirib ki, hətta Livan və Suriyadan olan qaçqınlar da işğal olunmuş Qarabağa köçmək istəmir, çünki buranı erməni əraziləri hesab etmir: “Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin azad edilməsi barədə dörd qətnaməsinin icra olunmadığını bir daha vurğuladı. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə aktivlik nümayiş etdirmir. Erməni ASALA terror təşkilatına gəldikdə isə, onun qanlı imici hamıya məlumdur”. Ekspertin sözlərinə görə, təcavüzkar layiqli cavabını almalıdır. Bundan sonra hərbi təxribatların qarşısı qətiyyətlə alınmasa, İrəvan rejimi "sonuncu erməniyə qədər" müharibəni davam etdirməli olacaq: “Bəs ermənilər öz destruktiv mövqeyinin və siyasətinin nəticələrini başa düşürmü? Kim Ermənistana 100 faizli təminat verə bilər ki, əsas geosiyasi iştirakçılar Azərbaycanı erməni təxribatına cavab verərkən dayandırmağa çalışacaq? Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün bu hüquqa sahibdir”.
Bütün bunlar bir daha təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regiondakı digər ölkələr üçün də təhdid olaraq qalır. Məsələnin Gürcüstan üçün digər təhdidi də var. Belə ki, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası hələ də Ermənistan tərəfinin mövqeyinə görə aparılmır. Hesab olunur ki, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası aparılmasa, Tiflis erməni təhdidindən daha çox əziyyət çəkəcək.
Nahid SALAYEV