Azərbaycana bu gün bütün istiqamətlərdə açıq dəstək verən ölkələrdən biri də Ukraynadır. Bu ölkədə hakimiyyət dəyişikliyindən, Vladimir Zelenskinin hakimiyyətə gəlişindən sonra Kiyev Bakı ilə əməkdaşlığı strateji səviyyəyə yüksəldib, Azərbaycana ərazi bütövlüyü məsələsində hərtərəfli dəstək verib.
Elə bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycandan olan həmkarı İlham Əliyevlə telefon danışığında bir daha Kiyevin Bakıya tam dəstəyini ifadə edib.
Vladimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Elə Prezident İlham Əliyev də öz növbəsində qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır. Dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd ediblər. Cəbhədə son gərginlikdən sonra da Ukrayna yenə ölkəmizə açıq dəstək verir. Hətta “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Azərbaycanla Ermənistan arasında münasibətlərin kəskinləşməsi səbəbilə İrəvana reysləri ləğv edib. Sözügedən qərar şirkətin mütəxəssislərinin təşkil olunmuş brifinqdə risqlərin təhlilini aparmasından sonra qəbul edilib.
Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko Kiyevin Bakıya dəstəyini təbii sayır: “Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Azərbaycan da eynilə Ukraynanın ərazi bütövlüyünü bu cür dəstəkləyir. Birincisi, Ukraynanın bu mövqeyi beynəlxalq hüququn təməl prinsiplərinə tamamilə uyğundur. İkincisi, Azərbaycan bizim strateji müttəfiqimizdir, bu da rəsmi şəkildə təsdiqlənib. Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququ var. Bu, BMT Nizamnaməsinin dövlətin ayrılmaz özünümüdafiə hüququna dair 51-ci maddəsinə, həmçinin BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinə uyğundur”. O bildirib ki, siyasi nöqteyi-nəzərdən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üzrə fəaliyyətləri özünümüdafiə hüququndan istifadənin danışıqlar dalanından real çıxış olmasının nümunəsidir: “Bu planda biz müəyyən bir siyasi presedentin formalaşmasını müşahidə edirik. İndi Azərbaycana, faktiki olaraq, onun ərazilərinin bir hissəsinin işğalına kömək etmiş və Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanı dəstəkləyən dövlət tərəfindən siyasi təzyiq göstərilməməsi vacibdir. Sonda Azərbaycanın hüquqazidd şəkildə işğal olunmuş ərazisini tamamilə azad edəcəyinə ümidvar olduğumu bildirmək istərdim”.
Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko da eyni mövqedədir: "Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri və beynəlxalq hüquq normaları əsasında həll olunmalı və Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir". Onun sözlərinə görə, istər bu ilin iyul ayında, istərsə də sentyabrın 27-də baş verən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan erməni tərəfinin təxribatlarının qarşısını almağa tam hazırdır.
Deputat, həmçinin, bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz məskunlaşdırma aparıldığını xatırladaraq qeyd edib ki, bu, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və Ermənistan münaqişənin nizamlanmasına dair danışıqlara qəsdən zərbə vurur: “Bu addım Ermənistanın münaqişənin dinc yolla nizamlanmasında maraqlı olmadığını göstərdi”. Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk da “report”a açıqlamasında maraqlı məqamlara toxunub: “Beynəlxalq hüququn bütün tələbləri istənilən dövlətin ərazi bütövlüyünün toxunulmazlığını, o cümlədən dövlətin ərazi bütövlüyünün bərpası üçün istənilən imkanlardan yararlanmağı şərtləndirir. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun bərpasını ilk gündən dəstəkləyirik”. O qeyd edib ki, Ukraynanın bu mövqeyi beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanır: “Bizim də ərazi bütövlüyümüz separatizmdən əziyyət çəkir. Bu baxımdan dost Azərbaycanın da bu ağrılı problemini dərindən anlayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik, onun pozulmasını və işğalını qəti şəkildə pisləyirik”. Birinci vitse-spikerin fikrincə, çox yaxşı olardı ki, tərəflər nəhayət tezliklə ortaq dil tapa bilsinlər və bölgədə sülh olsun: “Çünki XXI əsr, müasir svilizasiya sakinləri müharibələrlə, qırğınlarla yaşamamalıdır”.
Görünən budur ki, Kiyev Azərbaycanla strateji əlaqələri yeni müstəviyə çıxarmaq istəyir. Təsadüfi deyil ki, Vladimir Zelenski Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycana rəsmi səfər edib. Azərbaycanla Ermənistan arasındakı yeni insidentdən sonra rəsmi Kiyev birmənalı şəkildə Azərbaycana dəstək verib. Bundan əvvəl də Kiyev Ermənistanın işğalçı siyasətini pisləyib və bəyanatlarında BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 4 qətnaməsini dəfələrlə xatırladıb.
Tahir TAĞIYEV