Məlum olduğu kimi, sentyabrın 28-i səhər saatlarından başlayaraq, erməni silahlı birləşmələri cəbhənin bütün istiqamətlərindən mövqelərimizə hücum edib. Bundan sonra Ordumuzun əks-hücum əməliyyatları başlanıb. Son iki gündə Ermənistan silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə məruz qoyur. Konkret faktlara diqqət edək.
Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti növbəti dəfə açıqlama yayıb.
Açıqlamada deyilir: "Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir. Dərin kədər hissi ilə bildiririk ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub. Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri də intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, Ermənistan Tərtər şəhərinin dinc sakinlərini atəşə tutmaqla mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir:
"Ermənistanın yeni təcavüz aktına cavab olaraq əks-hücum tədbirlərini həyata keçirən Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edərək, əks həmlələrini məhz beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirir. Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addımları isə bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini nümayiş etdirir. Beynəlxalq ictimaiyyəti Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alan müharibə cinayətlərini qətiyyətlə pisləməyə çağırırıq".
Göründüyü kimi, Ermənistan heç bir beynəlxalq konvensiyanın tələblərinə məhəl qoymadan bu əməlini davam etdirir. Maraqlıdır, ermənilər mülki əhalini hədəf almaqda hansı məqsədləri güdürlər?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan bu istiqamətdə ənənəvi taktikasını davam etdirir: “Onlar işğala başladığı gündən bu taktikadan daima istifadə ediblər. Hər zaman qoşunların təmas xəttinə yaxın olan mövqelərdəki mülki şəxsləri və obyektləri hədəf seçiblər. Hətta bu istiqamətdə onlar tarixdə qətliamlar törədən bir millət kimi də yaddaşlarda qalıblar. Bura Xocalı soyqırımını və başqa erməni vəhşiliklərini aid edə bilərik. Ermənilər bütün qaydalara riayət etmədikləri üçün müharibənin də qaydalarına etinasız yanaşırlar. Onlar mülki əhaliyə qarşı vəhşicəsinə davranırlar. İndiki məqamda onların məqsədləri tam aydındır. Mövqe döyüşlərində tam məğlub olduğunu görən və geri çəkilməyə məcbur olan ermənilər yeganə çıxış yolunu belə təxribatlara əl atmaqda görür. Bununla mülki əhali arasında panika toxumu səpmək istəyirlər ki, sürətli hərbi hücumların qarşısını alsınlar. Ermənilər bu istəklərinə heç cür çata bilməyəcəklər. Çünki artıq bu məsələlərlə bağlı vacib addımlar atılıb. Mülki əhalinin lazım olan halda sığanacaqlara yerləşdirilməsi və bir qədər təhlükəsiz yerə evakuasiya edilməsi ilə bağlı məsələ tam həllini tapıb. Mülki əhali arasında itkilərimiz olsa da, belə halların maksimum qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Ermənilərin bu addımları həm də qorxaqlıqdan doğur. Yalnız üz-üzə döyüşməyi bacarmayanlar belə hərəkətlərdən yararlanmağa çalışır. Bütün bunlara baxmayaraq, şanlı Ordumuz bizi sevindirməkdə davam edir, işğal altında olan vətən torpaqlarının azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar aparılır”.
Ermənilərin bu addımlarına baxmayaraq, Azərbaycan ordusu mülki əhaliyə qarşı Cenevrə Konvensiyasının tələblərinə uyğun şəkildə davranır.
Məhəmmədəli QƏRİBLİ