Ölkə başçısı faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində Rusiya telekanallarından birinə verdiyi müsahibədə yenidən Ermənistanın dövlət səviyyəsində faşizmi dəstəkləməsinə diqqəti yönəldib.
Prezident deyib ki, biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik: “Azərbaycan bir sıra forumlarda bu mövzuda açıq çıxış edib, o cümlədən mən dəfələrlə öz mövqeyimi bildirmişəm. Deməliyəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyə tam şərikdir. Əlbəttə, bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesi bizim üçün əsla qəbuledilməzdir”. Bu məsələləri dəfələrlə, o cümlədən MDB ölkələrinin sonuncu Zirvə görüşündə qaldırdığını bildirən Prezident deyib: “Mən təəssüflə qeyd etdim ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Konkret misallarla göstərdim ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Buna görə bu məsələni qaldıranda ümid edirdim ki, Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin təəssüf ki, bunun əksini gördüm”. Prezident qeyd edib ki, bütün bunlar böyük təəccüb, heyrət doğurur:“Belə bir fikrə əsas verir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır”. Rusiya Federasiyasının Armavir şəhərində də cinayətkar, faşistlərin əlaltısı Njdeyə xatirə lövhəsi vurulduğunu xatırladan Prezident deyib: “Yalnız mən bu məsələni dövlət başçılarının Zirvə görüşündə qaldırandan və bu məsələ kütləvi informasiya vasitələrində əksini tapandan sonra həmin lövhə götürülüb. Haqlı olaraq sual yaranır: Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə başa düşməli? Ona görə bu məsələlər geniş müzakirə edilməlidir. Yenə də hər bir ölkə bu məsələyə öz münasibətini selektivlik, siyasi korrektlik mülahizələrinə görə deyil, birbaşa və açıq şəkildə bildirməlidir. Ermənistanda bir tərəfdən deyirlər ki, Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür”. Ölkə başçısının bu mövzuya yenidən toxunması Rusiya auditoriyası üçün nə kimi əhəmiyyətə malikdir və onların Böyük Vətən müharibəsi qəhrəmanı yoxdur ki, yalnız faşistin abidəsini ucaldırlar? Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir müddət əvvəl Prezident İlham Əliyev Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda hökm sürən nasizm və faşizmə diqqət çəkdi, Ermənistanda faşizm ideologiyasının mövcudluğunu ifşa etdi: “Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Ermənistanda heykəl qoyulması Ermənistanın əsaslarının yarandığı gündən məhz terrorizm üzərində qurulmasından xəbər verir. Azərbaycan torpaqlarının işğal edilməsində, xalqımıza qarşı soyqırımın həyata keçirilməsində də bu cür faşist, nasist əhval-ruhiyyə mühüm rol oynayıb. Terrorizm və faşizmlə silahlanan bir ölkə rəhbərliyi sülh yolu ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar ata bilməz. Bu mənada Azərbaycan Prezidentinin Ermənistandakı daxili ideoloji, siyasi abı-havanı ifşa etməsi, bunu geniş auditoriyanın diqqətinə çatdırması əslində Ermənistanın işğalçılıq siyasətinin iç üzünün açılması deməkdir. Bu bütün dünyada, xüsusilə də MDB məkanında fiaşizmin qurbanı olmuş insanların xatirəsinə hörmət baxımından yolverilməzdir. Ölkə başçısının yenidən bu məsələyə toxunması Ermənistanda hansı proseslərin getdiyini və bunun nə dərəcədə təhlükəli olduğunu dünya ictimaiyyətinə çatdırmış oldu. Sübut olunur ki, Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin və onun ideoloji əsaslarının bir mənbəyi ermənilərin faşizm və nasizmə sevgisidir. MDB ölkələri sırasında isə belə zərərli, terrorizmlə silahlanmış bir dövlətin olması təkcə Azərbaycan deyil, bütün MDB ölkələri üçün təhlükə mənbəyidir. Azərbaycan Prezidenti öz çıxışında bütün bunları bir daha ifşa etməklə Ermənistanın nə qədər təhlükəli yolda olduğunu diqqətə çatdırdı. Bu çıxış yalnız Rusiya üçün deyil, faşizmdən əziyyət çəkən bütün dünya ölkələri üçün aktuallıq kəsb edir. Ermənistanda faşizmlə mübarizə baxımından qəhrəman adına layiq görülən kifayət qədər şəxsin adını çəkmək olar. Onların xatirəsinin əbədiləşməsinə maraq göstərilməməsi Ermənistanın bir dövlət kimi xisləti ilə bağlıdır. “Faşistlər elə faşistə etiram göstərər” prinsipi burda özünü qabarıq biruzə verir”.
Məhəmmədəli QƏRİBLİ