Prezident İlham Əliyev son bir neçə gün ərzində Rusiyanın iki populyar televiziya kanalına müsahibə verib. Əvvəlcə “Mir” televiziya kanalına müsahibə verən Prezident bütün sahələri əhatə edən sualları ətraflı cavablandırıb. Ardınca Prezident Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə verib.
Son dönəmdə dünya auditoriyasının, xüsusilə də Rusiya telekanallarının İlham Əliyevə artan marağını nə ilə izah etmək mümkündür?
“Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun bir sıra obyektiv səbəbləri var:“İlham Əliyevə dünya mediasının marağı hər zaman olub. Biz bunu ölkə başçısının bir il ərzində verdiyi müsahibələrin statistikasına nəzər yetirsək daha aydın görə bilərik. Başlıca səbəblərdən biri İlham Əliyevin mediaya açıq olmasıdır. Digər səbəb isə ölkəmizdə və dünyada cərəyan edən hadisələrlə bağlıdır. Azərbaycanın həm pandemiya dönəmində atdığı addımlar, həm də ölkədə aparılan islahatlar baxımından dünya mediasının diqqətini cəlb edir. Təbiidir ki, dünyanın marağını çəkən bu detallar bizimlə yaxın qonşu olan Rusiyanın da marağından kənarda qalmır. Danılmaz faktdır ki, Rusiyanın bu coğrafiyada maraqları var. Bu baxımdan da istənilən mövzu ətrafında nəbz yoxlamasını informasiya üzərindən müəyyən edirlər. Rusiya Azərbaycanla münasibətlərinin normal məcrada davam etməsində maraqlıdır. Biz uzun illər ərzində Rusiyanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə görə sərt tənqid etmişik. Ancaq etiraf edək ki, son dönəmdə bu istiqamətdə müəyyən yeniliklərin şahidi oluruq. Rusiya rəsmiləri artıq mövzuya daha aydın və korrekt cavab verməyə başlayıb. Onların həqiqətə söykənən açıqlamalarında faktiki olaraq Ermənistanın işğalçı olduğu və işğal altındakı torpaqların azad edilməsi vurğulanır. Bu mövqeyə görə Ermənistan Rusiyaya dirəniş göstərməyə başladı. Hətta həmin ölkədə əməlli-başlı anti-Rusiya təbliğatına start verilib. Ermənistanın daxilində vəziyyətin necə olduğu hamıya məlumdur. Stabil siyasi kurslarının olmaması fonunda naşılıqları özünü göstərir. Biz bunu da bilirik ki, indiyə qədər Ermənistana ən güclü havadarlığı da Rusiya edib. Artıq həmin iki ölkə arasındakı münasibətlər əvvəlki məcrada getmir. Gərginlik aydın şəkildə özünü göstərir. Bu da Rusiyanı münasibətləri yeni baxış bucağından qiymətləndirməyə vadar edir. Moskva indiyə qədər Azərbaycana etdiklərinin fərqinə varmağa başlayıb. Azərbaycana göstərilən nisbətən isti münasibətin kökündə həm də bu amil durur. Xüsusilə də ölkəmizin pandemiya ilə bağlı olan uğurlu strateji addımları da Rusiya kanallarını cəlb edə bilər. Rusiyanın özündə belə bu proses narahatlıqla həyata keçir. Hətta Rusiya ordusunda belə virus yayılıb. Başqa ölkələrdən kömək istəyirlər. Müəyyən qədər bu təcrübəni öyrənmək və hansı işlərin görüldüyünü ölkə başçısının öz dilindən eşitmək onların auditoriyası üçün maraqlıdır. Eyni zamanda, Azərbaycandakı proseslərin hansı yöndə getdiyi və gedəcəyinə olan maraq da belə təmasları labüd edir”.
Məhəmmədəli QƏRİBLİ