Şairin sovqatı səmimi, poetik sözdür. Bu sözü ünvanına çatdırmağı bacaran şair xoşbəxtdir. Sözdən özünə etibarlı saray quran, keçmişlə müasirliyi və gələcəyi bir-birilə çuğlaşdırmağı bacaran şair Fəzail İsmayıl Böyükkişi səmimi sözü oxucusuna çatdırmağı bacarır.
Çağdaş poeziyamızda öz səsi, nəfəsi ilə seçilən qələm adamı kimi F.İ.Böyükkişinin şeirlərində Vətənə, torpağa, dövlətçiliyimizə, tarixi şəxsiyyətlərimizə böyük məhəbbət motivi öz əksini tapır.
Bir neçə həftə əvvəl F.İ.Böyükkişinin 2 cildlik kitabı işıq üzü görüb. “Yazıçı” nəşriyyatında çap olunan kitabın I cildi “Sözdən saray qurmuşam”, II cildi isə “Altmış yaşımın dastanı” adlanır. Nəşrlərdə şairin son illər qələmə aldığı duyğu və düşüncə nümunələri sırasında şeirlər, poemalar yer alıb. Sözə xüsusi həssaslıqla yanaşan F.İ.Böyükkişi ana dilimizin gözəlliklərindən bəhrələnərək, sözün həqiqi mənasında, bənzərsiz poetik nümunələr yaradıb. O da doğrudur ki, şeir şairin elə özünə oxşayır. Şairin təbiəti necədirsə, bu özünü şeirin biçimində, xarakterində əks etdirir. Yumşaq, həlim, eyni zamanda da haqsızlığa qarşı barışmaz olan müəllifin şeirlərinə bu ruh hakimdir.
Kimsəsizə arxa duran kimsəyəm, Həzz alıram təmənnasız sağ oldan. Mən hələlik yazılmamış “Xəmsə”yəm, Nizami də gəlib keçdi bu yoldan.
Şeirimizin, sözümüzün keşiyini çəkən şairin yaradıcılığı çox zəngindir. Bu zənginlik onun daxili aləmi ilə, eləcə də doğulduğu Gədəbəy torpağının saf, təmiz havası, suyu ilə həmahəngdir. Ömrünün 60 ilində görüb-götürdüyü, müşahidə etdiyi, yaşadığı hər bir hadisəni, duyğunu zərgər dəqiqliyi ilə sözə çevirən şair doğrudan da maraqlı poeziya nümunələri yaradıb.
Güney, qüzey çox oxşayır, Cığırları iz oxşayır. Ruhumu Təbriz oxşayır, Dolanım aləmi yenə.
Saz havası öz havamdı, Öz qovğamdı, öz davamdı. O mətləbdi, muraz-kamdı, Möcüzədir simi yenə.
Görün necə səmimi, necə saf ruhlu ifadələrdir. Ürəyi haqqa bağlı olan şairin hər bir şeiri dünyanı saflığa, ədalətə, insanları barışığa, birliyə səsləyir. Şairin əbədi arzu və istəyi elə budur.
İllərlə yazıb-yaratdığı, nizama saldığı, oxuculara ünvanladığı şeirlərindən ibarət növbəti kitablarının işıq üzü görməsi münasibətilə F.İ.Böyükkişini təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.
İradə SARIYEVA