Qiymət Məhərrəmli: “Şəki qədim mədəniyyətimizi, arxitekturamızı, mətbəximizi, ipəkçilik ənənəsini özündə yaşadan tarixi şəhərdir”
Şəki Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olub, bu gün də həmin ənənəni qoruyub saxlayır. Şəki, həmçinin, qədim sənətkarlıq mərkəzidir. Xalq sənətkarlığının bütün növləri burada yüksək səviyyədə inkişaf etdirilib. Nəsildən-nəsilə keçən sənətkarlıq nümunələri turistlərin böyük marağına səbəb olur, onlar tərəfindən bu əl işləri həvəslə alınır.
Sevindirici haldır ki, artıq Azərbaycanın sənətkarlıq paytaxtı olan Şəki UNESCO tərəfindən “Yaradıcı şəhər” elan edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış namizədlik sənədi UNESCO Katibliyinə təqdim edilib və AR Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və UNESCO yanındakı Daimi Nümayəndəliyin birgə səyləri nəticəsində Şəki şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” tematikası üzrə daxil edilib.
UNESCO-nun baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Şəbəkə yerli kollektivlərdə böyük maraq yaradır və yeni siyahı ilə şəhərlərin tipologiyasının və coğrafi balansının müxtəlifliyini əks etdirir.
2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.
Şəki şəhərinin UNESCO tərəfindən “Yaradıcı şəhər” elan edilməsinə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi, şair-publisist, əslən Şəkidən olan Qiymət Məhərrəmli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri də Şəkidir: “Şəkinin küçələrində olan şəxs qədimlik və müasirliklə tanış olar. Şəkidə mədəniyyət abidələrinin qorunub saxlanması halı yaşanır. Şəki əhlinin yaşayış tərzi, onların danışığı, evlərin qədim formada olması yaradıcılığın nümunələrindən biridir. Şəki bir növ muzeydir. Hesab edirəm ki, bu hadisə turistləri də cəlb edəcək. Şəkinin adı, tarixi daha çox təbliğ olunacaq. Şəkinin gözəlliyi ilə tanış olmaq istəyən şəxs avtomobillə deyil, ayaqla gəzməlidir. Çünki Şəkinin hər qarışında yaradıcılıq hiss olunur”.
Həmsöhbətimizin sözlərinə görə, Şəki qədim mədəniyyətimizi, arxitekturamızı, mətbəximizi, ipəkçilik ənənəsini özündə yaşadan tarixi şəhərdir: “Şəki həqiqətən də maraqlı məkandır. Şəki Türk dünyasının layiqli şəhəri kimi bütün dünyada təbliğ ediləcək”.
Günel CƏLİLOVA