Milli sənətşünaslıq məktəbinin formalaşması və inkişafında müasir dövrün görkəmli tədqiqatçılarından biri, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadənin müstəsna xidmətləri vardır. Onun elmi irsi Azərbaycan mədəniyyətinin, vizual sənətlərinin və memarlıq abidələrinin təkcə sənətdşünaslıq təhlili ilə məhdudlaşmır, həm də köklü milli-mənəvi dəyərlərin konseptual şəkildə dərk edilməsinə xidmət edir. Alimin tədqiqat metodologiyasında milli ruh faktoru birincil elmi prinsip kimi çıxış edir.
Ə.Salamzadənin elmi fəaliyyətinin mühüm bir hissəsi təsviri və dekorativ-tətbiqi sənətdə milli simvolik sistemlərin öyrənilməsinə yönəlmişdir. O, Azərbaycan xalçaçılıq məktəbini, təsviri sənət əsərlərini və memarlıq bəzəklərini təhlil edərkən bu nümunələri sadəcə estetik obyekt kimi deyil, xalqın təfəkkür tərzini və dünya qavrayışını əks etdirən vizual kodlar sistemi kimi qiymətləndirir.
Alim ornamentlərin semantikasını araşdırarkən onların kökündə duran qədim türk təfəkkürünün və milli etno-mədəni yaddaşın izlərini üzə çıxarmışdır. Bu yanaşma Azərbaycan sənətşünaslığında milli ruhun nəzəri əsaslandırılması baxımından mühüm yenilik idi.
Azərbaycanın memarlıq məktəblərinin, xüsusilə regional memarlıq ənənələrinin araşdırılması Ə.Salamzadənin yaradıcılığında xüsusi çəkiyə malikdir. Müəllif öz tədqiqatlarında memarlıq formalarının yaranmasında milli-mənəvi mühitin və tarixi varisliyin rolunu dəqiqliklə əsaslandırır.
Qarabağ, Naxçıvan, Abşeron və digər bölgələrin tarixi-memarlıq irsinin öyrənilməsində alim milli memarlıq üslubunun özünəməxsusluğunu, formaların semantik dərinliyini elmi dövriyyəyə daxil etmişdir. Bu tədqiqatlar milli ideologiyanın formalaşmasına və mədəni irsin qorunub saxlanılmasına birbaşa töhfədir.
Ə.Salamzadənin yaradıcılıq diapazonunun vacib istiqamətlərindən biri də heraldika və rəmzlər sənətidir. Milli simvolların, gerblərin və emblemlərin elmi-nəzəri təhlili zamanı alim dövlətçilik tarixi ilə milli kimliyinın qarşılıqlı əlaqəsini ön plana çəkir. Heraldik nümunələrin təhlili göstərir ki, müəllif üçün hər bir simvol milli ruhun vizual formasıdır.
Nəticə etibarı ilə qeyd edək ki, AMEA-nın müxbir üzvü, sənədşünaslıq doktoru, professor Ərtegin Salamzadənin elmi yaradıcılığı Azərbaycan sənətşünaslığında milli ruhun, etno-mədəni yaddaşın və dövlətçilik təfəkkürünün konseptual baxımdan öyrənilməsi modelini təqdim edir. Onun əsərləri milli sənətşünaslıq fikrinin zənginləşməsinə və gənc tədqiqatçılar nəslinin milli dəyərlər ruhunda formalaşmasına xidmət edir.
Rizvan Qarabağlı
Memarlıq üzrə fəlsəfə doktoru, dosent