"Borcalı" İctimai Birliyinin təkilatçılığı ilə Atatürk Mərkəzində şair və yazıçı Fərman Saraçlının (Bədəlov) "Son görüş" adlı povest, hekayələr və şeirlərdən ibarət ilk kitabının təqdimatı keçirilib. Məlumatı "Borçalı" İB-nin mətbuat xidməti yayıb. İctimai Birliyin İdarə Heyətinin sədri, şair-publisist Dəyanət Osmanlı yazarın yaradıcılığında vətənpərvərlik duyğularının, doğma yurd, insan sevgisi, mənəvi dəyərlər motivli yazıların əsas xətt təşkil etdiyini bildirmişdir. Qeyd olunub ki, yazar bu kitabda yer alan povest, hekayə və şeirlərində həyat həqiqətlərini, təbiət mənzərələrini, əsil vətəndaş obrazını maraqlı bədii lövhələrlə oxucuya təqdim edir.
Tədbirdə iştirak edən ziyalılar, yazarlar - Əməkdar jurnalist Rəşid Faxralı, Paşa Babakərli, Fəridə Əsədova, Yaşar Kamaloğlu, Rövşən Xallədinoğlu, Hüseyn Faxralı, Giya Paçxataşvili, ehtiyatda olan mayor Əli Məmmədov, gənclik dostu Nofəl Əfləoğlu, ailə üzvərindən Şakir Bədəlov, Vüsalə Hüseynova, Fəqan Bədəlbəyli Fərman Saraçlının şeir və nəsr əsərlərindən, fəal vətəndaş mövqeyindən, fərdi keyfiyyətlərindən danışmış, ona yaradıcılıq uğurları arzulayıblar. İstedadlı gənc aşıq Samir Borçalı saz havaları ifa etmiş, müəllifin şeirlərindən nümunələr səsləndirmişdir. "Borçalı" İB adından ədəbi-mədəni xidmətləri nəzərə alınaraq Borçalının Fəxri Diplomu ilə təltif olunan Fərman Saraçlı göstərilən diqqətə görə tədbir təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirmişdir.