Bakı Xoreoqrafiya Akademiyası: “Hazırda Bakı Xoreoqrafiya Akademiyası imtahan sessiyasındadır və…”
Son illər Azərbaycan təhsil sistemində kadr təyinatı müşahidə olunur. Növbəti belə bir hal Bakı Xoreoqrafiya Akademiyasında müşahidə olunub. Məlumdur ki, Xoreoqrafiya Akademiyası ölkənin peşəkar xoreoqraflarını, baletmeysterlərini, pedaqoqlarını yetişdirən ali təhsil ocağıdır. Bu günlərdə Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Xanlarova özünün Facebook hesabında paylaşım edərək ciddi suallar qaldırıb. M.Xanlarova paylaşımında bildirib ki, ali təhsili olmayan, peşə fəaliyyəti rəqqasəlikdən ibarət olan Nailə Məmmədzadə əvvəlcə Bakı Xoreoqrafiya Akademiyasında tədris işləri üzrə prorektor, daha sonra isə rektor vəzifəsinə təyin olunub. O, bu təyinatı sənətə və təhsilə hörmətsizlik kimi qiymətləndirib.
Əməkdar artistin məlum fikirləri ictimaiyyət tərəfindən xoş qarşılanmayıb. O da məlumdur ki, Xoreoqrafiya Akademiyasında elə xoreorafiyanın, rəqsin incəlikləri tədris olunur.
Məsələ ilə bağlı Bakı Xoreoqrafiya Akademiyasına müraciət etdik. Akademiyadan “Bakı-Xəbər”ə qəzetinə bildirildi ki, Nailə Məmmədzadə 2002-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin bakalavr pilləsini, 2020-2022-ci illərdə Moskva Dövlət İncəsənət İnstitutunu Xoreoqrafiya sənəti ixtisası üzrə magistr pilləsini bitirib. 2023-cü ildən Moskva Dövlət İncəsənət İnstitutunun Doktorantıdır: “Həmçinin, Nailə Məmmədzadə bugünədək Q.Qarayev “7 gözəl”, P.Çaykovski “Şelkunçik”, “Qu gölü” və s. Nəsiminin 650 ilə bağlı UNESCO-nun tədbirinin xoreoqrafı, “Aurovision-2017” səhnə quruluşunun xoreoqrafı (Ukrayna), 2018-ci ildə Böyük Britaniyada “Hours” şounun quruluşçu-xoreoqrafı, 2018-ci ildə Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş konsertin quruluşunun xoreoqrafı; və s. tədbirlərdə quruluşçu xoreoqraf olub”.
Akademiyadan o da bildirildi ki, hazırda Bakı Xoreoqrafiya Akademiyası imtahan sessiyasındadır: “Yanvar ayının 13-də nümayiş olunacaq Şelkunçik baletinə hazırlıq gedir, eyni zamanda, digər tədbirlərimizə hazırlaşırıq”.
Günel CƏLİLOVA