AMEA-nın Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev Misir Milli Kitabxanasında qorunan yüzlərlə Azərbaycan əlyazması arasında görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin indiyədək elmə məlum olmayan bir “Divan” nüsxəsini tədqiqat zamanı aşkarlayıb.
O, mətbuata açıqlamasında deyib ki, Xətai irsinə aid əlyazmalar XVII-XVIII əsrlərdən etibarən tədqiq olunmağa başlanıb. XIX əsrədək Yaxın Şərq müəllifləri bu əlyazmalar haqqında əsasən səthi məlumatlarla kifayətləniblər. Sonrakı dövrdə Avropa və Rusiya şərqşünasları Xətai yaradıcılığının tədqiqində mühüm işlər görüblər. Xətainin əlyazmaları hazırda Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Tehran və Təbriz kimi mərkəzlərdə qorunur. Lakin indiyədək şairin sağlığında köçürülmüş “Divan”ının mövcudluğu elmə dəqiq məlum deyildi. Elnur Mustafayev bildirib ki, Misirdə aşkarlanan “Divan”ın Xətainin sağlığında yazıya alındığını güman etməyə əsas verən ciddi əlamətlər mövcuddur: “Əlyazma dəri üzlüklə cildlənib, nəstəliq xətti ilə, zəngin təhzib və ornamentlərlə tərtib olunub. 39 vərəqdən ibarət nüsxədə Şah İsmayıl Xətaiyə aid 146 şeir yer alır. Əsərin katibi məşhur xəttat Sultan Əli Məşhədidir.
Tarixi mənbələrə görə, Sultan Əli Məşhədi 1520-ci ildə vəfat edib, Şah İsmayıl isə 1524-cü ildə dünyasını dəyişib. Bu fakt, eləcə də əlyazmanın yüksək bədii tərtibatı “Divan”ın Xətainin sağlığında köçürüldüyü ehtimalını gücləndirir. Bundan əlavə, Misir nüsxəsində şeirlərin sayının digər nüsxələrlə müqayisədə az olması, şairin sonralar yazdığı şeirlərin vəfatından sonra divanlara əlavə edildiyini göstərir”.