Azər Həsrət: “Məlum musiqi yarışında Azərbaycan böyüklük edib Ermənistana xal verib, onlar isə…”
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Uşaq Avroviziya Mahnı Müsabiqəsi 2025” başa çatıb. Yarışmanın qalibi Fransa olub. Məlumat üçün bildirək ki, müsabiqədə 18 ölkə iştirak edib. Nəticələrə görə, ikinci yeri Ukrayna, üçüncü yeri isə ev sahibi Gürcüstan tutub.
Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanın “Uşaq Avroviziyası 2025” müsabiqəsində səs verdiyi ölkələr arasında Ermənistan da yer alıb, lakin Ermənistandan ölkəmizə səs verilməyib.
Maraqlıdır, Ermənistanın belə bir mövqe tutmasının əsas səbəbləri nələrdir və bu, ikitərəfli münasibətlərə necə təsir göstərir?
“Azərbaycan xoş məram nümayiş etdirdi, münsiflər Ermənistana səs verdi, ancaq onlar bunun qarşılığını verə bilmədi, bu hal…
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan xoş məram nümayiş etdirdi, münsiflər Ermənistana səs verdi. Ancaq onlar bunun qarşılığını verə bilmədi: “Ermənilər böyüklük göstərə bilmədi. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan Avroviziya kimi yarışlardan imtina etməlidir. Bu yarış bir zamanlar bizə lazım idi. Özümüzü tanıtmaq üçün musiqi yarışı platforma olaraq lazım idi. Ancaq indi buna ehtiyac yoxdur, çünki dünyanın hər bir ərazisində yaşayanlar bizi gözəl tanıyır. 44 günlük Vətən müharibəsində qələbəmiz Azərbaycanı dünyada məşhur edib. Bu səbəbdən də ölkəmizin beynəlxalq musiqi yarışmalarına ehtiyacı yoxdur. Onu da deyim ki, bu tip musiqi yarışmaları qeyri-əxlaqi dəyərlərin təbliğinə yönəlib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məlum musiqi yarışında Azərbaycan böyüklük edib Ermənistana xal verib, onlar isə bunu edə bilmədi: “Hazırda top onların meydanındadır. Buyursunlar, burda edə bilmədikləri böyüklüyü başqa yerdə göstərsinlər. Böyüklük etməsələr belə, bu onların kim olduğunu bir daha göstərəcək. Biz hər zaman olduğu kimi öz yaxşılıqlarımızı etməyə davam edəcəyik”.
Günel CƏLİLOVA