DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinə müraciət edən bir qrup rayon sakini ərizələrində daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edib, övladları barədə “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək onlardan müxəlif məbləğlərdə pul aldıqlarını bildiriblər.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri - 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini, 28 yaşlı Kənan Hümbətov saxlanılıb. İstintaq yolu ilə müəyyən edilib ki, saxlanan şəxslərin işinə adıçəkilən jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl son verilib. Lakin buna baxmayaraq, onlar özlərini “Ziyalılar” ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər.
Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf edib və qeyd ediblər ki, rayon ərazisində kirayədə yaşamaqla mütəlif vaxtlarda ümumilikdə 54 sakinlə saxta müqavilə bağlayaraq onlardan 20, 50, 70 manat məbləğində pul alıblar.
Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.