Daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilən və bağlı qalan cinayətlərin açılması diqqət mərkəzindədir və bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanıb. Belə ki, Siyəzən rayon sakini ötən il sentyabrın 17-də RPŞ-nə müraciət edərək, ona məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 870 AZN olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.
Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluqu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanaraq şöbəyə gətirilib. Saxlanan zaman onun üzərindən bıçaq götürülüb. Dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ İB cinayət işi açılıb, ibtidai istintaq davam etdirilir.
Nizam HƏMİDOV polis leytenantı