Bu günlərdə Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, fevralın 9-da polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Qiyasbəyli olduğu məlum olub. Baxış zamanı onun üzərindən 47 qram tiryək aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə onun evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan əlavə olaraq 4 kiloqram 6 qram marixuana və 985 qram tiryək aşkar edilib.
Saxlanan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı