Fevralın 6-da Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın evindən oğurluq edildiyini bildirib.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzildən 4000 manat dəyərində qızıl əşyalarının oğurlandığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanıb. Araşdırmalarla onların qəsəbə sakinləri İsmayıl Abdullayev və Məhəmməd Yəhyayev olduqları müəyyən edilib.
DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini olan qadın mənzilində ona qarşı edilmiş cinayət barədə məlumat verib.
Dərhal aidiyyəti üzrə həmin ünvana gələn Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mənzilə gələn şəxsin bıçaqla onun əlinə xəsarət yetirərək qiymətli əşya və pul verməsini tələb etdiyi, istədiyinə nail olmadığından quldurluq yolu ilə oradan ütü və elektrik manqalını apardığı müəyyən edilib.
Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov polis əməkdaşları tərəfindən saxlanıb.
Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan daha bir qadın isə evindən 20000 manat və 400 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından, o saxlanıb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanıb. Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı