Fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər.
Dərhal həmin şəxsin Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub.
Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olduğu müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan, onun dindirilməsi mümkün olmayıb.
Həkimlərin səyinə baxmayaraq, həmin şəxs fevralın 6-da dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanıb və M.Əhmədovun həmin gün “KamAZ” markalı yük avtomobili ilə vurulduğu müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanaraq istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı