Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən onun mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Polis orqanları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 4-dək olan müddətdə şəhər sakini olan 6 nəfərin pul, mobil telefon, kosmetik və geyim əşyalarını, habelə “VAZ-21041” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov saxlanıb.
Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayından cari il yanvarın 21-dək olan müddətdə rayon ərazisində 5 evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə 3 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Nərimanov saxlanıb.
Ötən ilin dekabrından cari il fevralın 1-dək olan müddətdə 5 mağazadan pul, noutbuk, tütün məmulatı, spirtli içki, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Muraz Əzizov və Rövşən Nağıyev isə Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı