Ümumən cinayətkarlığa, o cümlədən onun mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu günlərdə polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər müəyyən edilib və saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayından cari il yanvarın 19-dək olan müddətdə 8 evdən, 1 sexdən inşaat materialları, təmir-tikinti alətləri, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əliyev saxlanıb.
Ötən ilin noyabr ayından cari il yanvarın 24-dək olan müddətdə 10-cu mikrorayondakı evlərin birinin liftinin əyləc dolağını, 1 mağazadan və 1 evdən inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Xanbalayev Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 11-dək olan müddətdə 3 avtomobildən və 4 evdən pul, məişət əşyaları, akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Münasib Əhmədov saxlanıb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ilin aprelində və cari il yanvarın 21-də rayon ərazisindəki 2 evdən pul, mobil telefon və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ərənqala qəsəbə sakinləri Yaşar Hacıyev və Nizami Nağıyev saxlanıb.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı