Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlıqları və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov saxlanıb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən “Rus Dili Mərkəzi”ndən, həmçinin 3 kafe və 1 “playstation” salonundan ümumilikdə 4 televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub. Habil Seyidov zərərçəkən obyekt sahiblərinə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurub.
Qeyd edilən xüsusatlarla saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.