Səbail Rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Trend-in məlumatına görə, hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Rafiq Abbasov və Zakir Sultanovun vəzifələrindən azad edilməsi barədə sərəncamlar imzalayıb.
KİV yazır ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dünən Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Bir sıra KİV-in məlumatına görə, nazir müavini Rafiq Bayramov və nazirliyin bir neçə əməkdaşı saxlanılıb.