Bazar ertəsi OPEC+ sazişinin dağılması fonunda “Brent” markalı neftin qiyməti üçdə bir qədər azalaraq 31.43 dollara düşdü. Qiymətlərin düşməsi Rusiyanın OPEC-in neft ixrac edən ölkələr təşkilatı ilə sazişdə iştirakdan imtina etməsi ilə nəticələndi.
Rusiya milli valyutası rublun son günlər dollar qarşısında 10-15% dəyər itirməsi isə manata olan təyziqləri də artırıb. Məlumdur ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələri var. Rusiya rublunun dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
“Rublun ucuzlaşması bizim məhsulların orada rəqabət qabiliyyətinə problem yaradacaq, bu əslində bizim dirçəlməkdə olan qeyri-neft sektoru üçün arzuolunmazdır”
İqtisadçı Samir Əliyev bildirdi ki, rublun dəyərdən düşməsinin hazırkı anda Azərbaycan manatına təsiri daha çox neftin qiymətindən asılıdır. Rusiyada rublun ucuzlaşmasının Azərbaycana təsiri manatın üzən məzənnəyə keçməsi halında müəyyənləşərdi: “Baxmayaraq ki, bu gün qeyri-neft sektorunun əsas hissəsi Rusiyanın payına düşür, amma bizim qeyri-neft sektoru bir o qədər də yüksək deyil. Son məlumata görə, 1 ildə 2 milyard dollardan çox qeyri-neft məhsulu ixrac etmişik və onun əsas hissəsi Rusiyanın payına düşür. Bu o deməkdir ki, rublun ucuzlaşması bizim ixracatımıza çətinlik yaradacaq. Biz Rusiyaya daha çox meyvə-tərəvəz, şəkər ixrac edirik. Rublun ucuzlaşması bizim məhsulların orada rəqabət qabiliyyətinə problem yaradacaq. Bu əslində bizim dirçəlməkdə olan qeyri-neft sektoru üçün arzuolunmazdır. Lakin Azərbaycan manatına birbaşa təsiri yoxdur”.
Ekspert hesab edir ki, rublun ucuzlaşmasının Azərbaycan manatına təsiri neftin ucuzlaşmasından ola bilər. Neftin qiyməti təxminən 50 dollara qalxarsa, sabitlik yaranar. Nə qədər ki neftin qiyməti 40 dollardan aşağıdır, gərginlik davam edəcək.
Günel CƏLİLOVA