Gələn il Azərbaycanda dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılacaq vəsaitin 4,2 faiz azaldılması nəzərdə tutulur.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə dövlət büdcəsindən səhiyyə sahəsinə 744,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2015-ci illə müqayisədə 4,2 faiz azdır.
2015-ci ildə dövlət büdcəsindən səhiyyə sahəsinə 777,7 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb ki, onun da 759,2 milyon manatı icra edilib.
Azərbaycan məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərclərini də azaldır. Məlumata görə, 2016-cı ilin büdcə proqrnozunda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması üçün büdcədən 1 milyard 138 milyon 800 min manat ayrılması nəzərdə tutulur ki, bu da ötən ilin büdcə proqnozu ilə müqayisədə 88,3 milyon manat azdır.
Ümumiyyətlə isə Azərbaycanda müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3%-i həcmində vəsait nəzərdə tutulub.