Rövnəq Abdullayev benzinin ucuzlaşmasını gözləyənlərə qəti sözünü dedi
"SOCAR Turkey Enerji"nin Transanadolu qaz kəmərində (TANAP) pay alması layihənin maliyyələşdirilməsi məsələlərinin sistemli həllidir. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə əsasən, bu proses SOCAR-ın daxilində aktivlərin özünəməxsus verilməsidir ki, bu da layihənin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməyə imkan verəcək: "TANAP-da 58 faizlik payımızdan 7 faizini layihənin maliyyələşdirilməsində iştirak edəcək "SOCAR Turkey Enerji"yə verəcəyik. Bu, aktivlərin özünəməxsus verilməsidir. Həmçinin, bu, "SOCAR Turkey Enerji"nin Türkiyədə aktivlərinin artırmağa imkan verəcək",
R. Abdullayev qeyd edib ki, "SOCAR Turkey Enerji"nin 13 faizlik payının ABŞ-ın "Goldman Sachs" bankına 1,3 milyard dollara satışından SOCAR-ın əldə etdiyi vəsaitlərin əsas hissəsi banklardan götürülən kreditlərin ödənilməsinə və yeni layihələrin maliyyələşdirilməsinə xərclənəcək.
Rövnəq Abdullayev deyib ki, SOCAR yenə də Yunanıstanın DESFA qaz nəqli operatorunun səhmlər paketinin 66 faizini əldə etməyə ümid edir. Onun sözlərinə görə, Azərbaycan tərəfi Yunanıstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini gözləyir: "Seçkilərdən sonra həmin məsələni müzakirə edəcəyik".
R. Abdullayev qeyd edib ki, SOCAR əldə edilən payın həcmində dəyişiklik gözləmir: "Biz səhmlərin 66 faizinin əldə edilməsinə ümid edirik".
SOCAR-ın prezidentinin sözlərinə görə, neftin dünya qiymətlərinin ucuzlaşması SOCAR-ın dövlət büdcəsinə ödənişlərinə təsir edib. Onun sözlərinə görə, bu, təbii haldır: "İstehsal edilən malın qiyməti iki dəfədən çox ucuzlaşırsa, müvafiq olaraq gəlirlər azalır. Bu, dövlət büdcəsinə ödənişlərimizdə də əksini tapır".
Rövnəq Abdullayev onu da deyib ki, Azərbaycanda benzinin qiymətinin dəyişməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə əsasən, uzun müddətdir Azərbaycanda benzinin qiyməti 1 barel neftin orta hesabla 60-62 dollar qiyməti əsasında müəyyənləşdirilib.
R.Abdullayev qeyd edib ki, Azərbaycanda istehsal edilən Aİ-92 markalı benzinin qiyməti təsirə məruz qalmayıb və dünya bazarlarında neftin qiymətləri ilə bağlıdır: "Üstəlik, yerli istehsallı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir".
O, xaricdən gətirilən Aİ-95 və Aİ-98 markalı benzinlərin tarifində fərqi və onların bazar tərəfindən tənzimləndiyini qeyd edib: "Lakin onlara tələbat o qədər azdır ki, yarım il əvvəl idxal edilən benzin hələ də satılmayıb. Aİ-95 markalı benzini ölkə daxilində istehsal edəndə onun satış həcmi ildə 150 min ton təşkil edirdi. Onu xaricdən idxal etməyə başlayanda əhali daha ucuz Aİ-92 markalı benzindən istifadəyə keçdi. Bununla da Aİ-95 markalı benzinin satış həcmi ildə 25 min tonadək azalaraq 6 dəfə azaldı. Bununla belə, 7 ay əvvəl gətirilən həcmlər hətta sonadək reallaşdırılmayıb".
SOCAR-ın prezidenti diqqətə çatdırıb ki, dünya bazarında neftin qiymətlərinin ucuzlaşması yalnız Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinə təsir edə bilər: "Bu, bir neçə şirkət arasında rəqabətin mövcud olduğu açıq bazardır, buna görə də qiymətlər rəqabtə görə azala bilər. Lakin neftin qiymətlərinin artması ilə bu markalı benzinlərin qiyməti də artacaq. Aİ-92 markalı benzinin qiyməti sabitdir və Tarif Şurası tərəfindən təsdiq edilib. Bu markalı benzinin qiymətində dəyişiklik gözlənilmir".
Xəbər xidməti























