Aslan Əsədov: “4 ilə 9 stansiyanın tikilməsi hardasa real görünə bilər”
Məlum olduğu kimi, Bakı metrosunun genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib. Rəsmi açıqlamaya görə, 2030-cu ilədək paytaxtda 9 yeni metro stansiyasının tikilməsi planlaşdırılır və layihələndirmə işləri artıq başa çatıb. Ancaq belə iddialı mövqe istər-istəməz müəyyən müzakirələrə yol açır.
Məsələ ondadır ki, metro tikintisi asan deyil və 1993-cü ildən bu günədək cəmi 7 yeni metro stansiyası istifadəyə verilib. İndi isə təxminən 4 il ərzində 9 yeni stansiyanın tikilməsi nəzərdə tutulur. O baxımdan maraqlıdır, 4 il ərzində 9 metro stansiyasının tikilməsi mümkündürmü? Nə dərəcədə realdır bu?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədovun fikrincə, metro xətlərinin ayrılması prosesi gedərsə, 9 metro stansiyasını tikmək mümkündür: “Çünki Bakı şəhərində metronun inkişafı SSRİ dönəmindən qalan bir mirasdır. Bu da özü-özlüyündə bir sıra məsələləri əhatə edir. Bakıda ilk dəfə metro 1967-ci ildə fəaliyyətə başlayıb. Əvvəl iki stansiya idi, sonra onların sayı artmağa başladı, depolar tikildi və s. Ortaya çıxa biləcək çətinliklərin qarşısını almaq üçün müasir vasitələrdən istifadə edilməsinə, yeni yanaşmaların tətbiqinə ehtiyac var. O baxımdan 4 ilə 9 stansiyanın tikilməsi hardasa real görünə bilər. Bununla bağlı iş intensiv və bir neçə növbəli olmalıdır. Müasir texnologiyalara əsaslanan və sürətli tunelqazma maşınları vasitəsilə bu işləri həyata keçirmək mümkündür. Eyni vaxtda tikinti işlərinə başlanılacaq və bir xətt üzrə bir neçə stansiya istifadəyə veriləcək. Gücləndirilmiş iş rejimində və hazır platformalarda xətti çəkmək olar. Sadəcə bütün işlər ardıcıl və sistemli olmalıdır. Bakıdan böyük olan şəhərlər var, amma orada infrastruktur yoxdur. Hesab edirəm ki, metro sistemi olmayan şəhər infrastruktur sayıla bilməz. Metrosu olmayan şəhər müasir şəhər komponentina malik ola bilməz. Çünki yeraltı və yerüstü nəqliyyat sistemi özü özlüyündə nəqliyyat infrastrukturunu ehtiva edir”.
Vidadi ORDAHALLI