Akif Nəsirli: “Azərbaycan əsasən Rusiyadan buğda idxal etdiyinə görə ölkənin bu sahəyə çəkdiyi xərclər də azalır"
Açıqlanan statistik rəqəmlərə əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20 % və ya 117,4 min ton, məbləğ baxımından isə 37.7 % və ya 62 mln. ABŞ dolları azdır.
Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 0.95 %-nə bərabər olub.
Maraqlıdır, cari ilin 6 ayı ərzində idxal edilən buğdanın həcminin azalması ölkədə un və un məhsullarının qiymətinin artmasına gətirib çıxaracaq?
"Azərbaycanın idxal etdiyi buğda təxminən ölkədə idxala xərclənən vəsaitin 1 faizinə bərabərdir, bu da normaldır"
Aqrar sahə üzrə ekspert Akif Nəsirli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın idxal etdiyi ərzaq buğdasının qiyməti ucuzlaşıb. Onun sözlərinə görə, idxalın fiziki həcmi 39 faiz artsa da, dəyər baxımından həcmi 31 faiz azalıb: "Ötən illə müqayisədə ərzaq buğdası 8 faiz ucuzlaşıb. Bu müsbət haldır. Azərbaycanın idxal etdiyi buğda təxminən ölkədə idxala xərclənən vəsaitin 1 faizinə bərabərdir. Bu da normaldır. Məlumdur ki, ölkənin bir nömrəli strateji məhsulu buğdadır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, region ölkələri arasında ən çox idxal Rusiyanın payına düşür: "İdxalın 90 faizi Rusiyanın hesabına gerçək olur. Qazaxıstan və digər ölkələrdən də idxal olunur. Onu da deyim ki, son vaxtlar dünya bazarında buğda ucuzlaşmağa başlayıb. 2023-cü ilin sonlarından etibarən ərzaq buğdasının qiymətində eniş müşahidə olunur. Bu, Ukrayna müharibəsi fonunda yeni ərzaq tədarük zəncirlərinin formalaşması ilə əlaqədardır. Əvvəllər Ukrayna dünya bazarına çıxardığı buğdanın 60-70 %-ni özü ixrac edirdi. Lakin indi həmin payın böyük hissəsini Rusiya Federasiyası ələ keçirib. Azərbaycan əsasən Rusiyadan buğda idxal etdiyinə görə ölkənin bu sahəyə çəkdiyi xərclər də azalır".
Günel CƏLİLOVA